...

"Azəryolservis" ASC: Hacıqabul-Bəhramtəpə yolunda hər hansı çökmə baş verməyib

Cəmiyyət Materials 14 İyul 2014 18:05 (UTC +04:00)
"Azəryolservis" ASC bildirir ki, Hacıqabul-Bəhramtəpə yolunda hər hansı çökmənin baş verməsindən söhbət gedə bilməz.
"Azəryolservis" ASC: Hacıqabul-Bəhramtəpə yolunda hər hansı çökmə baş verməyib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İlkin İzzət/

"Azəryolservis" ASC bildirir ki, Hacıqabul-Bəhramtəpə yolunda hər hansı çökmənin baş verməsindən söhbət gedə bilməz. Bunu Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.

Onun sözlərinə görə, Hacıqabul-Bəhramtəpə yolunun 83-90-cı km-ləri arasındakı İmişli rayonu ərazisindən keçən təxminən 7 km-lik hissəsində sonuncu aşınma layı vurulmamış ərazidə yaşayan insanların, eyni zamanda həmin yoldan istifadə edənlərin rahatlığını təmin etmək məqsədi ilə orada nəqliyyatın hərəkəti təmin edilib: "Bəzilərinin qeyd etdiyi kimi orada heç də yol çökməyib. Orada çökmədən söhbət belə gedə bilməz. Yola iki il əvvəl sonuncu, aşınma qatı istisna olmaqla ikiqat asfalt-beton örtüyü vurulub. Aşınma qatı vurulmadan orada nəqliyyatın hərəkəti təmin edildiyindən, xüsusən də ağırtonnajlı yük avtomobillərinin hərəkəti nəticəsində asfalt örtüyünün ikinci qatı böyük toz təbəqəsi ilə çirklənib. Həmin hissədə baş verə biləcək sürüşmə deformasiyalarının qarşısını almaq məqsədilə, eyni zamanda tozlanan ikinci qatla vurulacaq aşınma qatı arasında ilişkənliyi yaratmaq məqsədilə tozlanmış qat xüsusi mexanizmlə 0,5-1 sm qalınlığında qaşınaraq çıxarılıb və təkrar emala göndərilib. Yolun ikinci alfalt qatı qaşındıqdan sonra bitumlanacaq və son lay döşənəcək. Bununla da möhkəm alfalt-beton örtüyünün tikilməsi təmin olunacaq".

P.Mürsəliyev qeyd edib ki, əgər yolun ikinci qatı 0,5-1 sm qaşınmasaydı, həm çirklənən qatla yeni vurulacaq qat arasında ilişkənlik olmayacaqdı, həm də ərazidə sürüşmə deformasiyaları yarana bilərdi: "Bu məqsədlə biz tozla çirklənmiş ərazini qaşıyıb götürdük. Ora yenidən bitum səpiləcək və son aşınma qatı vurulacaq. Kimlərsə bunu çökmə ilə əlaqələndirirsə, deməliyəm ki, bu, tam əsassız və yanlış məlumatdır. Bu fikirlər yol təsərrüfatı işindən anlayışı olmayan insanların beyninin məhsuludur. Orada işlər texnoloji qaydalara tam əməl olunaraq aparılır. Hacıqabul-Bəhrəmtəpə yolunun 83-90-cı km-ləri arasındakı İmişli rayonu ərazisindən keçən təxminən 7 km-lik hissəsində yalnız aşınma qatının vurulması işləri qalıb. Bu da başa çatdıqdan sonra yolda nişanlar qoyulacaq, xətlənmə və digər abadlıq işləri aparılacaq. Bununla da yol tamamilə istifadəyə veriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti