...

Məktəblilər arasında daha sıx əlaqələr yaranır (FOTO)

Cəmiyyət Materials 10 Sentyabr 2014 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr /Trend/

Sentyabrın 15-i "Bilik günü" ilə əlaqədar Bilik Fondu "Qardaşlaşmış məktəblər" layihəsinə start verib. Adından da göründüyü kimi, ayrı-ayrı yerlərdə olan məktəblərin birliyinə, xüsusən də cəbhə bölgələrində olan məktəblərlə əlaqələrin güclənməsinə xidmət edən layihə çərçivəsində Gəncə şəhəri 43 saylı tam orta məktəb və Şuşa rayonu 1 saylı Malıbəyli kənd orta məktəbin 30 nəfər şagirdi layihənin iştirakçısı olub.

Bu gün səhər Gəncə şəhərində olan Şuşa məktəbliləri öncə şəhərin girəcəyində füsunkar Heydər Əliyev Mərkəzi və Park Kompleksi ilə, bir sıra tarixi abidələri ilə tanış olublar. Sonra YAP Gəncə şəhər Təşkilatının Qərargahında 2 məktəbin nümayəndələri ilə görüş keçirilib. Görüşdə AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu, Fondun Gəncə nümayəndəsi Günay Əliyeva, hər iki məktəbin müəllimləri və VII, IX, X sinif şagirdləri iştirak ediblər. Şagirdlərlə müxtəlif mövzularda müzakirələr aparılıb, görüş diskussiya şəklində davam edib.

"Qardaşlaşmış məktəblər"də ilin sonuna qədər 20 məktəbin qardaşlaşması nəzərdə tutulub. Biz çalışacağıq ki, ümumilikdə Azərbaycanın bütün məktəblərini qardaşlaşdıraq. Bu gün Gəncə şəhəri 43 saylı tam orta məktəblə Şuşa rayonu 1 saylı Malıbəyli kənd orta məktəbi arasında qardaşlaşma memorandumu imzalandı. Memorandumda göstərilir ki, qardaşlaşmış məktəblər daim sıx əlaqədə olacaq, öz aralarında müxtəlif görüşlər, yarışlar, konfranslar təşkil edəcək, bir-birlərinin uğurlarını bölüşəcək, çatışmazlıqların aradan qaldırılmasına dəstək olacaqlar"- bu sözləri Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu "yenigence.com" saytına müsahibəsində deyib.

Qeyd edək ki, sabah şagirdlər Gəncədə yeni tikililərlə tanış olacaq, onlar üçün təşkil olunan maraqlı əyləncələrdə iştirak edəcəklər. Sonra isə şagirdlər arasında bilik yarışı keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti