...

MTN-in Heydər Əliyev adına Akademiyasında Bilik Günü (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2014 15:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlkin İzzət/

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasında Bilik Günü qeyd olunub.

MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, yeni tədris ilinin başlaması ilə əlaqədar, respublikanın bütün təhsil müəssisələrində olduğu kimi, MTN-in Heydər Əliyev adına Akademiyasında da 15 sentyabr - Bilik Günü qeyd olunub.

Əlaçı kursantlar tərəfindən təntənəli surətdə dövlət bayrağı qaldırıldıqdan sonra dövlət himni səsləndirilib.

Tədbirdə Akademiya rəisinin birinci müavini general-mayor Şahin Sultanov professor-müəllim heyətini və kursantları yeni tədris ilinin başlaması münasibətilə təbrik edib. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi siyasi-iqtisadi kursu müvəffəqiyyətlə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən ardıcıl islahatlar republikanın sürətli inkişaf yolunu təmin edib, bütün sahələrdə mütərəqqi dəyişikliklərə gətirib çıxarıb. Bu gün ölkəmiz dinamik inkişaf edən, sosial-iqtisadi sahədə böyük nailiyyətlər qazanan yüksək beynəlxalq nüfuza malik ölkəyə çevrilib, Cənubi Qafqazın lider dövləti və regionun siyasi-iqtisadi mərkəzi kimi statusunu daha da möhkəmlənib.

Ş.Sultanov diqqətə çatdırıb ki, əsası ümummilli lider tərəfindən qoyulmuş təhsil strategiyası bu gün dövlət başçısının və Heydər Əliyev fondunun hərtərəfli qayğısı ilə yeni dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirilir, ölkəmizdə təhsilin inkişafına xüsusi diqqət və qayğı göstərilir, fəal milli maarifçilik xətti yeridilir, Azərbaycan təhsili dünya təhsil sisteminə inteqrasiya olunur, təhsil sahəsinə əhəmiyyətli investisiya qoyuluşunun təmin edilməsi xüsusi önəm daşıyır.

General-mayor vurğulayıb ki, gənclər və təhsil siyasətini daim diqqət mərkəzində saxlayan dövlət başçısı cari ilin iyun ayında ATƏT-in Parlament Assambleyasının Bakıda keçirilmiş 23-cü sessiyasında çıxışında təhsil məsələsinin vacibliyini önə çəkərək deyib: "Avropa Şurasının Nazirlər Komitəsinin sədri kimi qarşımıza qoyduğumuz digər prioritetlərdən biri təhsildir. Biz təhsil sahəsinə böyük investisiyalar qoyuruq, çünki bizə savadlı insanlar, yaxşı mütəxəssislər lazımdır. Eyni zamanda, savadlı insanlar heç zaman aldatmaya, xarici təsirə, müdaxiləyə məruz qala bilməz. Təhsil ekstremizmə, radikalizmə, millətçiliyə və ksenofobiyaya qarşı zəmanətdir".

O, qeyd edib ki, respublikada gənc nəslin günün tələblərinə uyğun hazırlanmasını və inkişafını təmin etmək üçün təhsil sistemində yeni informasiya texnologiyalarının tətbiqinə geniş yer verilir, müasir elmi-texniki nailiyyətlər, yeniliklər təhsil proqramlarına daxil edilir. Müasir informasiya texnologiyalarının və onların inkişafı ilə bilavasitə bağlı olan informasiya təhlükəsizliyi probleminin öyrənilməsi və tədrisi akademiyada daim diqqət mərkəzində saxlanılır. Problemin aktuallığı nəzərə alınaraq 2008-ci ildə yaradılmış "İnformasiya təhlükəsizliyi" fakültəsini bu il bitirən ilk məzunlar artıq milli təhlükəsizlik orqanlarında öz ixtisasları üzrə fəaliyyət göstərirlər. 2005-ci ildən Boloniya prosesinə qoşulmuş respublikamızın digər ali təhsil müəssisələrində olduğu kimi, akademiyada da Boloniya sisteminə keçilib, kursantların biliyinin daha düzgün və obyektiv qiymətləndirilməsini təmin etmək məqsədilə 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunub.

Akademiya rəisinin 1-ci müavini bildirib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə təsis edilmiş və ulu öndərin adını şərəflə daşıyan akademiya fəaliyyətə başladığı ilk gündən onun milli mənafelərə əvəzsiz xidmət ideyalarını, zəngin irsini yaşadan, qoruyub saxlayan və öyrənən, yeni nəsil zabitləri azərbaycançılıq ruhunda tərbiyə edən və yetişdirən xüsusi təyinatlı ali təhsil müəssisəsidir. Akademiyada tədris prosesində yüksək biliklərə yiyələnmək, vətənpərvərlik, milli maraqlara, Heydər Əliyev dövlətçilik amallarına sadiqlik, Vətənə, xalqa sədaqət, nizam-intizam və nümunəvi davranış başlıca meyarlardır: "Hazırda dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı, milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun gündəlik nəzarəti və tələbkarlığı sayəsində akademiyada təhsilin keyfiyyətinin yüksəldilməsi üçün mütəmadi olaraq planlı şəkildə tədbirlər həyata keçirilir, tədris bazası və xidməti şərait daha da təkmilləşdirilir, bu elm ocağı durmadan inkişaf edir, şəxsi heyət yaradılmış şəraitdən maksimum səmərəli istifadə edərək daim yüksək nəticələrə nail olur".

General-mayor Ş.Sultanov Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü hər şeydən uca tutan Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin son dövrlərdə cəbhə bölgəsinə səfərlərindən danışıb və cari ilin avqust ayının 6-da Ağdam rayonunda hərbi qulluqçularla görüşdə dövlət başçısının söylədiyi fikirləri bir daha şəxsi heyətin diqqətinə catdırıb: "Biz heç vaxt Azərbaycan torpağında ikinci qondarma "erməni dövləti"nin yaradılmasına imkan verməyəcəyik, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik: ya sülh yolu ilə, ya hərbi yolla".

Bununla əlaqədar Akademiya rəisinin birinci müavini yaxşı oxumaq, əməliyyat işinin və hərbçi peşəsinin sirlərinə dərindən yiyələnmək, hər an torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinin icrasına hazır olmaq üzrə nazir E.Mahmudovun tövsiyə və tapşırıqlarını bir daha kursantlara çatdırıb.

Xüsusi təyinatlı ali təhsil müəssisəsi olan MTN-nin Heydər Əliyev adına Akademiyasında yaradılmış yüksək şəraitə, daimi diqqət və qayğıya görə Ali Baş Komandan İlham Əliyevə və milli təhlükəsizlik naziri general-polkovnik E.Mahmudova Akademiyanın rəhbərliyi və şəxsi heyəti adından dərin minnətdarlıq bildirilib.

Tədbirin sonunda kursantlar yeni biliklərə yiyələnmək üçün marş sədaları altında tribunanın önündən keçərək auditoriyalara yollanıb və Akademiyada tədris prosesinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti