Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanlı alimin məqaləsi nüfuzlu elmi jurnalda çap edilmiş 20 əsas məqalə arasında I yeri tutub.
AMEA Botanika İnstitutunun Elmi informasiya və innovasiya şöbəsindən Trend-ə verilən məlumata görə, Botanika İnstitutunun Bioadaptasiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü İradə Hüseynovanın 2012-ci ildə "Biochimica et Biophysica Acta-Bioenergetics" (BBA) jurnalında "Huseynova I.M. Photosynthetic characteristics and enzymatic antioxidant capacity of leaves from wheat cultivars exposed to drought. Biochim Biophys Acta" (2012 Aug; 1817(8): 1516-23) adlı məqaləsi çap edilib. Bu məqalə 2012-2014-cü illərdə bu sahədə çap olunan işlər arasında seçilən 20 TOP-məqalə arasında 1-ci yeri tutub. Bununla əlaqədar məlumat Məqalələr haqqında Ödənişsiz Məlumat Xidmətinin təmsilçisi Mayk Qreubdan daxil olub. Məqalə davamlı torpaq quraqlığına məruz qalan buğda genotiplərinin ontogenez zamanı antioksidant müdafiə sistemləri və fotosintez xüsusiyyətlərinın tədqiqinə həsr edilib. Tədqiqat işində elm üçün yeni maraqlı nəticələr alınıb.
1947-ci ildən fəaliyyətə başlayan BBA jurnalı biokimya və biofizika sahəsində nəşr olunan ilk beynəlxalq jurnaldır. Bu jurnal "Elsevier" nəşriyyatında çap olunur və 4,624 impakt faktora malikdir.
Qeyd edək ki, Publ.med portalına düşən bu məqaləyə qısa müddət ərzində nüfüzlu beynəlxalq jurnallarda çoxlu istinadlar edilib və məqalə dəfələrlə top siyahılara daxil olunub.