...

Azərbaycanda tərkibində GMO olan məhsullarla bağlı yeni tələb

Cəmiyyət Materials 3 Noyabr 2014 15:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) olan məhsulları satan sahibkarlar cərimələnməlidir. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının İnsan hüquqları komitəsinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları və Konfliktologiya İnstitutunun direktoru Aytən Mustafayeva deyib.

Onun sözlərinə görə, yalnız belə məhsulları satan deyil, onları ölkəyə gətirən sahibkarlar da cərimələnməlidir. Çünki bu məsələdə əsas məsuliyyəti belə məhsulları ölkəyə gətirən sahibkarlar daşıyır.

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatı mallarının olmasını milli genefondumuzun qorunması üçün çox mühüm sayan A.Mustafayeva bildirib ki, ölkədə tərkibində GMO olan məhsullarla bağlı qanunvericilik sərt deyil. Amma hazırda qanunvericiliyin sərtləşdirilməsi üçün işlər aparılır: "Azərbaycana tərkibində GMO olan məhsulların gətirilməsinin qarşısını dərhal almaq çətindir, amma biz buna getməliyik. Hələlik insanlar bilməlidirlər ki, aldıqları məhsulun tərkibində GMO var, yoxsa yoxdur. Məhsulun tərkində GMO-nun olması barədə məlumat onun etiketi üzərində qeyd edilməlidir. Biz sonrakı mərhələdə qanunvericiliyin daha çox sərtləşdirilməsi sayəsində tərkibində GMO olan məhsulların ümumiyyətlə Azərbaycana daxil olmasının qarşısını ala biləcəyik. Bu, biznes strukturlarına da böyük zərbə olacaq. Ancaq insanların sağlamlığı uğrunda addımlar atılmalıdır".

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) mətbuat xidmətinin rəhbəri Fazil Talıblı isə Trend-ə bildirib ki, hazırda ölkədə GMO ilə bağlı qanunvericilik tələbi yoxdur. Buna görə də hər hansı sahibkar tərkibində GMO olan məhsul satarsa, bu halda cərimələnmir. Sadəcə, komitə onun məhsulunun üzərində "GMO var" ifadəsinin yazılmasını tələb edir. Çünki məhsulun tərkibi haqqında bütün məlumatlar onun etiketi üzərində yazılmalıdır: "Cərimənin olması lazımdır. Amma cərimənin olması üçün də qanunvericilik aktı olmalıdır. Bu olduqdan sonra qanunvericiliyin tələblərinin pozulmasına görə cərimələr tətbiq edilə bilər".

F.Talıblı deyib ki, hazırda komitə tərkibində genetik modifikasiya olunmuş orqanizmlər olan məhsulların bazardakı vəziyyətini öyrənmək üçün sahibkarların müraciətini gözləmədən ərzaq məhsullarının nümunələrini yoxlayır. Bu yoxlamalar ictimai maraq nəzərə alınaraq mütəmadi həyata keçirilir: "Azərbaycanda GMO-larla bağlı qanunvericilik aktı yoxdur. Ona görə də biz sırf ictimai maraq nöqteyi-nəzərindən, həmçinin dövlətin bu sahədə nəzarətverici orqanı olaraq, ölkədə istehsal edilən və idxal olunan məhsulların tərkibinin nəzarətdə saxlanılması ilə bağlı özümüz araşdırma aparırıq. Xarici ölkələrdən gətirilmiş məhsulların üzərində "GMO olmayan" yazıldıqda belə, onları yoxlayırıq. Çünki bilmək lazımdır kı, həqiqətən də onun tərkibində GMO var, ya yox".

Bu sahə üzrə mütəmadi yoxlamaların aparıldığını deyən komitə rəsmisi qeyd edib ki, indiyədək keçirilmiş müayinələr zamanı məhsullarda GMO aşkarlanmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti