Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti (QSC) yüksək akademik göstəricilərlə təhsil alan tələbələrə xüsusi təqaüd verəcək və gələcəkdə bu ixtisaslara yiyələnmiş məzunları işə qəbul edəcək.
Trend Təhsil Nazirliyinin rəsmi saytına istinadən bildirir ki, bu, QSC ilə bu gün imzalanmış Əməkdaşlıq Memorandumunda nəzərdə tutulur.
Memoranduma əsasən, Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ilk peşə, orta ixtisas və ali təhsil müəssisələrindən seçilmiş şagirdlər və tələbələr "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də yay təcrübəsi proqramına qəbul ediləcək. Nazirliyin nəzdindəki ali təhsil müəssisələrinin professor-müəllim heyətinə elmi tədqiqat işlərinin aparılmasında, beynəlxalq əlaqələr üzrə həyata keçirilən layihələrdə "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-nin tərəfdaş kimi iştirakına, burada çalışan yüksəkixtisaslı mütəxəssislərin təhsil müəssisələrində tələbələr üçün seçmə mühazirələrinin təşkilinə şərait yaradılacaq. Memorandumda ali təhsil müəssisələrinin professor-müəllim heyətinin "Azərbaycan Polad İstehsalı Kompleksi" QSC-də məsləhətçi qismində işə cəlb olunması, birgə elmi-texniki işlərin aparılması, seminarların təşkili, eləcə də müştərək layihələrin işlənməsi və istehsalatda tətbiqi məsələləri də əksini tapıb.
Memorandum çərçivəsində tərəflər metallurgiyaya dair ixtisaslar üzrə ilk peşə, orta ixtisas və ali təhsilin nüfuzunun yüksəldilməsi, yeniyetmələrin texniki peşələrə yiyələnməyə həvəsləndirilməsi üzrə birgə proqramların hazırlanması, həyata keçirilməsi və təbliği ilə bağlı öhdəlik götürüblər. Həmçinin əməkdaşlıqda iştirak edən ilk peşə-ixtisas təhsili müəssisələrində müvafiq maddi-texniki bazanın yaradılmasına, təhsilalanlarının bilik və bacarıqlarının qiymətləndirilməsinə QSC-nin mütəxəssislərinin də cəlb edilməsi nəzərdə tutulur.