...

Milli Tolerantlıq Mərkəzi gənclərə radikalizmin fəsadlarını izah edib (FOTO)

Cəmiyyət Materials 17 Noyabr 2014 17:27
Milli Tolerantlıq Mərkəzi (MTM) Beynəlxalq Tolerantlıq Gününü gənclərlə birgə qeyd edib.
Milli Tolerantlıq Mərkəzi gənclərə radikalizmin fəsadlarını izah edib (FOTO)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir İlkin İzzət/

Milli Tolerantlıq Mərkəzi (MTM) Beynəlxalq Tolerantlıq Gününü gənclərlə birgə qeyd edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, MTM 16 noyabr - Beynəlxalq Tolerantlıq Günü münasibətilə "Tolerantlıq - Azərbaycan xalqının milli zənginliyi kimi" mövzusunda növbəti tədbir keçirib.

Tədbir müxtəlif konfessiyalara mənsub icmaların nümayəndələri olan, eləcə də tarix, beynəlxalq münasibətlər, beynəlxalq hüquq və kulturologiya sahəsində ixtisaslaşmış tələbə və gənclərin iştirakı ilə baş tutub.

Tədbirin açılışında çıxış edən Mərkəzin icraçı direktoru Elmin Əliyev müxtəlif məkanları, tarixləri birləşdirən tolerantlıq prinsiplərinin eyni zamanda islami dəyərləri özündə əks etdirdiyini bildirib. Mərkəzin direktoru getdikcə kiçilən, qloballaşan dünyada sülhün və əmin-əmanlığın bərqərar olması üçün dini və milli ekstrimizmə qarşı maarifləndirmə işinin labüdlüyünü vurğulayıb, tarixi kökləri və nəzəri əsasları baxımından Azərbaycanın tolerantlıq modelinin bu gün bütün dünyaya nümunə ola biləcəyini, habelə Azərbaycan gənclərinin vətən məfhumu ilə yoğrulmuş bu bəşəri dəyəri qorumasının vacibliyini qeyd edib.

Daha sonra DQİDK-nın şöbə müdiri Nahid Məmmədov Azərbaycan dövlətinin fərqli dinlərə və etnik qruplara qarşı bərabərhüquqlu mövqe nümayiş etdirdiyinə, inanc azadlığının mövcud qanunvericiliklə təmin edildiyinə dair ətraflı məlumat verib.

Sonrakı çıxışçılar da dinlərarası yaxınlaşma və radikalizmin fəsadları kontekstində ölkəmizdəki birgə yaşayış ənənəsinin əsas prinsipləri haqqında məruzələrlə çıxış ediblər.

Sonda MTM-in sifarişi əsasında çəkilən və bölgələrdə tarixi tolerantlıq ənənələrini əks etdirən "Fərqliliyimiz zənginliyimizdir" adlı qısametrajlı filmin təqdimatı keçirilib.

Qeyd edək ki, fəaliyyət prioriteti dinlərarası, mədəniyyətlərarası dialoqun inkişafına yönəlmiş layihələrin dəstəklənməsi, bu istiqamətdə maarifləndirici tədbirlərin təşkil edilməsi olan Milli Tolerantlıq Mərkəzi ötən həftə ərzində Beynəlxalq Tolerantlıq Günü münasibətilə ölkə daxilində və xaricdə bir neçə tədbir həyata keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti