Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir Təmkin Cəfərov/
"İran Air" aviaşirkəti Tehran-Bakı-Tehran reysi üzrə birbaşa uçuşları müvəqqəti dayandırıb. Bu barədə Trend-ə "İran Air"in Bakı ofisindən bildiriblər.
Məlumata əsasən, uçuşlar fevralın 1-dən bərpa olunacaq. "İran Air"in Bakı ofisi uçuşların dayandırılmasının səbəbini açıqlamayıb.
Məlumatlı mənbənin Trend-ə bildirdiyinə görə, Tehran-Bakı-Tehran birbaşa uçuşlarının dayandırılması Həcc mövsümü ilə bağlı "İran Air" aviaşirkətinin təyyarələrinin Məkkədə olan zəvvarları daşıması ilə əlaqədardır.
Mənbə bildirib ki, uçuşlar fevralın 1-dən əvvəlki qaydada həyata keçiriləcək.
Qeyd edək ki, "İran Air" aviaşirkəti hər həftənin ikinci və dördüncü günləri Bakıya uçuşlar həyata keçirirdi.
Yaxın vaxtlarda açılması gözlənilən Bakı-Məşhəd aviareysinə gəlincə, mənbə Trend-ə deyib ki, bu reys üzrə uçuşlara başlanması ilə bağlı danışıqlar son mərhələdədir: "İşlər tamamlanmaq üzrədir və tezliklə Bakı-Məşhəd reysi üzrə uçuşlar həyata keçiriləcək".
Aviaşirkətin Bakı nümayəndəliyinin rəhbəri Müştəba Qulamian isə Trend-ə bildirib ki, Azərbaycanda xərclər çox böyük həcmdədir və xərclər ödənmir ki, bu da şirkətin fəaliyyətinə maneə törədir: "İndiyədək zərərə işləmişik".
Onun sözlərinə görə, Bakıya aviareyslərin reallaşdırılması oktyabrın 27-dən dayandırılmışdı və ilkin məlumata görə, bu vəziyyət 2015-ci il yanvarın sonunadək belə qalacaq.
M.Qulamian əlavə edib: "Biz yanvardan sonra uçuşların bərpa olunması barədə məlumatlı deyilik. Hazırda bu məsələ üzrə danışıqlar aparılır. Ümid edirik ki, uçuşlar bərpa olunacaq".