...

Azərbaycanda qadınların da hərbi bileti olacaq

Cəmiyyət Materials 30 Dekabr 2014 13:17 (UTC +04:00)
Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.
Azərbaycanda qadınların da hərbi bileti olacaq

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet veriləcək. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsində öz əksini tapıb.

Dəyişiklik barədə məlumat verən Azərbaycan Milli Məclisinin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, qanuna təklif olunan dəyişikliklər hərbi uçot və qeydiyyatın daha da təkmilləşdirilməsi məqsədi daşıyır.

Onun sözlərinə görə, qanunun yeni redaksiyada verilən 2.0.5-ci maddəsinə əsasən, hərbi qeydiyyat Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmasıdır.

Yeni qanun hərbi qeydiyyata götürülməli olmayanlar, həmçinin dinc dövrdə və müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilənlər barədə müddəaları da özündə ehtiva edir.

Qanuna əlavə edilən 28.6-cı maddəyə görə isə müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşlara, hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına, çağırış komissiyasının qərarı ilə çağırışdan azad edilib ehtiyata keçirilmiş, həm dinc dövrdə, həm də müharibə dövründə həqiqi hərbi xidmətə yarasız hesab edilmiş vətəndaşlara, öz razılığı ilə hərbi qeydiyyata götürülmüş 19 yaşdan 40 yaşadək qadınlara və ehtiyatda olan zabitlərə hərbi bilet verilir.

Müzakirələrin yekununda qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti