...

Azərbaycanda tikinti materiallarının qiymətlərinin yenidən ucuzlaşacağı proqnozlaşdırılır

Cəmiyyət Materials 16 Fevral 2015 15:29 (UTC +04:00)
Azərbaycanda bu ilin ortalarına kimi tikinti materailları bazarında qiymətlərin daha da enəcəyi gözlənilir.
Azərbaycanda tikinti materiallarının qiymətlərinin yenidən ucuzlaşacağı proqnozlaşdırılır

Azərbaycan, Bakı, 16 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu ilin ortalarına kimi tikinti materailları bazarında qiymətlərin daha da enəcəyi gözlənilir.

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin eksperti Vüsal Məstəliyev Trend-ə bildirib ki, tikinti materailları bazarında qiymətlərin enməsi 2014-cü ilin sonundan müşahidə olunmağa başlanılıb. Azərbaycana tikinti materiallarının 20-30 faizi Rusiyadan gətirildiyindən ölkənin tikinti materailları bazarında xüsusilə RF-dən idxal edilən taxta, armatur, mismarın və s. qiymətlərində 2-3 faiz azalma müşahidə edilir.

Onun sözlərinə görə, qiymətlərin azalmasının əsas səbəbi rublun dəyərdən düşməsi ilə əlaqədardır: "Tikinti bazarında enmə əsasən taxta materiallarında, armaturlarda müşahidə edilir. Armaturların qiymətinin enməsinin əsas səbəbi isə ölkədə alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə izah oluna bilər. Bazarda təklif çox olsa da, insanların alıcılıq qabiliyyətinin aşağı olması qiymətlərin enməsinə gətirib çıxarır. Eyni zamanda, Rusiyaya işləmək üçün gedən və ailəsinə hər ay müəyyən məbləğdə pul vəsaiti göndərən insanların böyük əksəriyyətinin Azərbaycana qayıdıb gəlməsi də qiymətlərin azalmasına gətirib çıxarır".

Ekspert hesab edir ki, əgər rublun dəyəri yüksəlsə, tikinti bazarında qiymətlər arta bilər.

V.Məstəliyevin sözlərinə görə, tikinti materialları bazarında kərpicin qiymətində azalma müşahidə edilmir. Hazırda kərpicin qiyməti 45-50 qəpik arasında dəyişir. Kərpicin qiymətinin dəyişməməsinin əsas səbəbi onun ölkədə istehsal edilməsidir.

Onun fikrincə, tikinti materialları bazarında qiymətlərdə enmə yaxın aylarda da davam edəcək. Lakin bu artım cüzi - təxminən 2 faiz həcmində olacaq. Bu ilin ortalarında - yay aylarında isə qiymətlərin enməsi dayanacaq. Ancaq hər hansı ərazidə tikililərin söküntüsü işləri davam etsə və buna görə əhaliyə kompensasiya verilsə, qiymətlər enməyə də bilər: "Yəni bazara pul axını olsa, qiymətlər azalmaya bilər. Ancaq əhali söküntüyə görə kompensasiya almasa, bazara pul daxil olmasa, qiymətlər düşə bilər".

Ekspert bu fikirdədir ki, yay aylarına qədər tikinti materiallarının qiymətlərində gözlənilən azalma daşınmaz əmlak bazarında ucuzlaşmaya səbəb olmayacaq. Çünki evin tikintisi üçün tələb olunan bütün materialların - armaturların, taxtanın qiyməti enməyib.

V.Məstəliyev hesab edir ki, mənzil almaq istəyənlər də bu işi qısa müddətdə gerçəkləşdirməlidirlər: "Bəlkə kimsə gözləyir ki, evlərin qiyməti bir qədər də düşəcək. Əlindəki pulu da saxlayır ki, evlərin qiyməti bir az da düşsün, sonra daşınmaz əmlak alsınlar. Ancaq ev almaq istəyənlər bunu indi etsələr, yaxşıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti