...

Konstitusiya Məhkəməsinə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı tapşırıq verildi

Cəmiyyət Materials 18 Fevral 2015 16:40 (UTC +04:00)
Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.
Konstitusiya Məhkəməsinə vətəndaşların müraciətlərinə baxılması ilə bağlı tapşırıq verildi

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir İlkin İzzət/

Fərhad Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Aparatının 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Trend xəbər verir ki, iclasda Aparat rəhbərliyinin çıxışları, müvafiq şöbə və sektor müdirlərinin hesabatları dinlənilib. Həmçinin Konstitusiya Məhkəməsinə daxil olan sorğu, müraciət və şikayətlərdə toxunulan hüquqi aspektlər, qəbul edilən qərarların icrası, tərtib olunan arayış və rəylər, habelə təşkilati məsələlərlə bağlı məruzələr dinlənilib, işin səmərəsini yüksəltməyə dair təkliflər irəli sürülüb.

Məlumat verilib ki, 2014-cü ildə Konstitusiya Məhkəməsi Plenumunun qərarları Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Azərbaycan Respublikası Prokurorluğunun, Bakı Apelyasiya Məhkəməsinin, insan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) sorğuları, ümumi məhkəmələrin müraciətləri və vətəndaşların şikayətləri əsasında qəbul olunub.

Bildirilib ki, ötən il Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə daxil olan 1982 sorğu, müraciət və şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 40 qərar və qərardad qəbul edilib. Həmin sorğu, müraciət və şikayətlərin 492-sinə palatalar tərəfindən baxılıb, digərləri isə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə müvafiq dövlət orqanlarına göndərilib.

İl ərzində Konstitusiya Məhkəməsinə daxil olan bütün sorğu və müraciətlərlə bağlı rəylər tərtib edilib. Ötən il məhkəməyə şikayətlər əsasən məhkəmə aktları, ailə, vergi, mülki, əmək münasibətləri, alğı-satqı, torpaq sahələrinin ayrılması, sahibkarlıq fəaliyyəti və s. ilə bağlı olub.

F.Abdullayev Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşıdır və buna görə bütün dövlət qurumları tərəfindən vətəndaşların şikayətlərinə çox diqqətlə yanaşılmalıdır" fikrini xüsusi vurğulayaraq, bununla bağlı Aparatın müvafiq şöbələrinə vətəndaşların göndərdikləri şikayətlərin diqqətlə araşdırılması üçün tapşırıqlar verildiyini bildirib.

Qeyd olunub ki, dövlət qurumları tərəfindən vətəndaşların qəbulu, onların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı Azərbaycan Prezidentinin göstərişlərinə əsasən, Konstitusiya Məhkəməsinin rəhbərliyi vətəndaşların müraciətlərinin diqqətlə dinlənilməsi, araşdırılaraq həll olunması üçün tədbirlər görülməsini tapşırıb.

Konstitusiya Məhkəməsinin sədri 2014-cü ildə görülmüş işləri müsbət qiymətləndirməklə yanaşı, qurumun fəaliyyətinin səmərəliliyinin artırılması üçün Aparatın struktur rəhbərlərinə tapşırıq və tövsiyələrini verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti