...

Xarkovda Trend-in hazırladığı "Sözun bitdiyi zaman" filmi nümayiş olunub (FOTO)

Cəmiyyət Materials 25 Fevral 2015 16:21 (UTC +04:00)
Xocalı soyqırımı qurbanlarının xatirəsi Xarkov şəhərində yad olunub.
Xarkovda Trend-in hazırladığı "Sözun bitdiyi zaman" filmi nümayiş olunub (FOTO)

Azərbaycan, Bakı, 25 fevral /Trend/

Xocalı soyqırımı qurbanlarının xatirəsi Xarkov şəhərində yad olunub.

Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində həyata keçirtdiyi növbəti anım mərasimi Xarkov şəhərində baş tutub.

Trend-in məlumatına görə, Xarkov vilayət administrasiyası rəsmilərinin, elm və mədəniyyət xadimlərinin, diaspor və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etdiyi anım mərasimində Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov çıxış edərək, erməni silahlı birləşmələrinin 23 il bundan öncə Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirtdikləri amansız soyqrım siyasəti haqqında ətraflı məlumat verib. Dünya birliyinin və beynəlxalq təşkilatların indiyədək belə bir bəşəri cinayətə hüquqi-siyasi qiymət verməmələrini tarixi ədalətsizlik kimi səciyyələndirən fəxri konsul son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət!" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Sonra tədbirə qatılanlar Trend İnformasiya Agentliyinin hazırladığı "Sözun bitdiyi zaman" filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar. "Xocalı faciəsi dünyada insanlığa qarşı həyata keçirilmiş qəddarlıq və faşizm nümunəsidir", - filmə baxdıqdan sonra urək ağrılarını bu sözlərlə ifadə edən Xarkov vilayət deputatlar şurasının sədri Lyudmila Davıdova bir qadın və ana kimi Xocalıda uşaqlara, qadınlara və yaşlı insanlara qarşı həyata keçirilmiş vəhşiliklərin bəşəri cinayət olduğunu vurğulayıb, bu faciəni törədənlərin ən ağır cəzaya məhkum olunmasının vacibliyini bildirib.

Tədbirdə çıxış edən Xarkov vilayət dövlət administrasiyasının rəsmi nümayəndəsi Denis Darmastuk, Birləşmiş Xarkov Azərbaycanlıları Konqresinin sədri Fəxrəddin İsmayılov və digər şəxslər indiyədək belə bir bəşəri cinayətin cəzasız qalmasına göz yuman beynəlxalq təşkilatları haqqa və ədalətə səsləyiblər.

Anım mərasiminin sonunda Xocalı soyqrımına hüquqi-siyasi qiymət verilməsi üçün Ukrayna parlamentinə və bir sıra beynəlxalq təşkilatlara müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti