Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Hüseyn Vəliyev/
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Aztelekom"İstehsalat Birliyi innovativ texnologiyaların tətbiqi nəticəsində sabit telefon şəbəkəsi tarixində ilkə imza atdı.
İB-dən Trend-ə verilən məlumata görə, daim müştərilərinə keyfiyyətli xidmətlər göstərməyi hədəfləyən "Aztelekom" İB bu siyahıya növbəti xidməti əlavə etdi. Bizim müştərilərimiz əhalinin bütün təbəqələrini əhatə etdiyindən, 585 - "Daşınan şəhər telefon xidməti" müştərilərimizə rahatlıq, operativlik və sevinc gətirəcək.
Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də 585 indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştərimiz Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq və rabitə sahəsində ilk dəfə "şəhər-kənd" arasında rəqəmsal uçurum yox olacaq.
Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə 585 indeksi ilə telefonlara sahib olmaq fürsətindən yararlana bilərsiniz. 585 seriyası ilə başlayan nömrələrin çəkiliş haqqı həm Bakıda, həm də ölkənin rayonlarında 30 manat təşkil edəcək.