Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun qonağı olub.
Fonddan Trend-ə verilən məlumata görə, Bilik Fondunun icraçı direktoru Oktay Səmədov cənab səfiri rəhbərlik etdiyi qurumun əməkdaşları ilə tanış edib və həyata keçirilən layihələr barədə məlumat verib.
Görüşdə qarşılqlı əməkdaşlıqla bağlı maraqlı təkliflər səsləndirən O.Səmədov bildirib ki, Fondun xarici əlaqələri genişlənir və bu istiqamətdə Cənubi Koreya ilə birgə layihələr həyata keçirmək məqsədəuyğun olar.
Bilik Fondunun Qardaşlaşmış məktəblər layihəsini xatırladan icraçı direktor Türkiyə, Çexiya, Ukrayna məktəblərinin Azərbaycanlı həmkarları ilə qardaşlaşmaq niyyətində olduqlarını deyib, bu sırada Koreya məktəblilərinin də olmasını arzuladıqlarını dilə gətirib.
O.Səmədov cənab səfir Çoi Suk-ini Fondun könüllüləri arasında diplomatiya, beynəlxalq münasibətlər üzrə ali təhsil alanlara mühazirələr deməyə dəvət edib.
Azərbaycanın bölgələrində Qafqaz Albaniyasına aid tarixi abidələrin mövcud olduğunu diqqətə çatdıran icraçı direktor bu ərazilərə səfirlə birgə səfər etməyin tarixin araşdırılması baxımından üstünlüklərindən danışıb.
Cənubi Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in Bilik Fondu ilə görüşdən, həmçinin səsləndirilən təkliflərdən məmnun qaldığını deyib. Səfir bildirib ki, Bilik Fondu ilə geniş əməkdaşlığa hazırdır. Cənubi koreyalıların Qəbələ ərazisində arxeoloji qazıntılar apardığını vurğulayan səfir tarix ixtisasına yiyələnmək istəyən gənclərlin bu proseslərdə iştirakının mümkünlüyünü qeyd edib.
Çoi Suk-in səfirliyin diplomatlarından birini məhz Bilik Fondu ilə əlaqələr üzrə məsul şəxs təyin edəcəyini də diqqətə çatdırıb. Onun sözlərinə görə, əlaqələrin sistemli şəkildə qurulması üçün konkret addımlar atılmaldır.
Cənubi Koreyanın Azərbaycandakı səfiri ölkəmizdə olduğu müddət ərzində xalqımızın qonaqpərvərliyinə heyran qaldığını, süfrəmizin zənginliyinə heç bir yerdə rast gəlmədiyini deyib. Sonda cənab səfir Bilik Fondunun xatirə kitabına ürək sözlərini yazıb.