Azərbaycan, Bakı, 6 mart /Trend/
Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin tikintisi yekunlaşmaq üzrədir.
Trend Kəpəz TV-yə (Region TV) istinadən məlumat verir ki, tikintisinə 2013-cü ildən başlanılan Gəncə Beynəlxalq Avtovağzal Kompleksində işlər yekunlaşmaq üzrədir. Yeni avtovağzal kompleksi hazır olduqdan sonra gün ərzində 5 mindən çox sərnişinə xidmət göstərmək imkanına malik olacaq.
5 hektar ərazidə inşa edilən Gəncə Beynəlxalq Avtovağzal Kompleksində işlərin demək olar ki, 85 faizi yekunlaşıb. Hazırda işlər binanın fasad hissəsinin üzlənməsində və daxili təchizatın quraşdırılması istiqamətində aparılır. Yeni kompleksdə sərnişinlərin tam rahatlığını təmin etmək üçün gözləmə zalı, yeməkxana, ana və uşaq otağı, tibb məntəqəsi, yük saxlama kameraları və ibadət otağı da fəaliyyət göstərəcək.
Gəncə Beynəlxalq Avtovağzal Kompleksinin daxilində şəhərimizə gələn qonaqların gecələməsi üçün hotelin tikintisi də nəzərdə tutulur.
Avtovağzalın yenidən qurulması ilə yanaşı, sərnişin avtobuslarının da yenilənməsi nəzərdə tutulur.
Gəncə avtovağzalının rəisi Namiq Həsəno bildirib ki, hazırda avtobusların yenilənməsi üzərində işlər gedir: "Demək olar ki, uzaqmənzilli avtobusların hamısı yenilənib. Yaxınmənzilli rayon və kəndlərə işləyən avtobusların da yenilənməsi nəzərdə tutulub".
Hazırda avtovağzaldan əsasən ölkədaxili istiqamətlər üzrə marşrutlar hərəkət edir. Lakin yeni avtovağzal istifadəyə verildikdən sonra bir sıra qonşu ölkələrə də avtobus reysləri həyata keçiriləcək.