Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda "boz ay"a məxsus hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, Bakıda və Abşeron yarımadasında martın 14-də hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək, gecə və səhər yarımadanın bəzi yerlərində güclənəcək.
Bakıda və Abşeron yarımadasında martın 14-də havanın temperaturu gecə 3-5, gündüz 8-13 dərəcə isti olacaq.
Azərbaycan rayonlarında hava gecə əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcək, lakin axşama doğru əsasən şimal və qərb rayonlarında havanın yağıntılı olacağı proqnozlaşdırılır, Qərb küləyi arabir güclənəcək.
Aran rayonlarında havanın temperaturu gecə 0-5, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti proqnozlaşdırılır.