...

Sinoptiklərin xəbərdarlığı: Martın son günlərində hava soyuyacaq, bəzi yerlərdə intensiv qar yağacaq

Cəmiyyət Materials 29 Mart 2015 13:24 (UTC +04:00)
Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq ediblər.
Sinoptiklərin xəbərdarlığı: Martın son günlərində hava soyuyacaq, bəzi yerlərdə intensiv qar yağacaq

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan sinoptikləri ölkə ərazisində hava şəraitinin dəyişməsi ilə bağlı xəbərdarlıq ediblər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Trend-ə bildiriblər ki, mart ayının son günlərində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda isə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə enəcək. Çaylarda sululuğun artacağı gözlənilir.

Gözlənilən hava şəraiti mart üçün xarakterik sayılır və anomal hesab edilmir.

Martın 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə isti olacaq.

Azərbaycanın bölgələrində hava arabir yağıntılı olacaq. Dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 0-5, gündüz 5-10, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti