...

Sankt-Peterburqda Azərbaycanın turizm potensialı təqdim olunub (FOTO)

Cəmiyyət Materials 29 Mart 2015 20:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart /Trend/

Azərbaycanın Sankt-Peterburqdakı Baş konsulluğunun təşkilati dəstəyi, Sankt-Peterburqun turizm sahəsini işıqlandıran aparıcı jurnal, qəzet və informasiya agentliklərini təmsil edən 12 jurnalistin iştirakı ilə Azərbaycanın turizm potensialına həsr olunmuş təqdimat keçirilib.

Baş konsulluqdan Trend-ə verilən məlumata görə, təqdimat mərasimində çıxış edən baş konsul Elşad Qulamov iştirakçılara Azərbaycan iqtisadiyyatının tərkib hissəsini təşkil edən turizm, bu sahəyə dövlət tərəfindən göstərilən diqqət və aparılan islahatlar barədə danışıb. Diplomat bildirib ki, Azərbaycanın zəngin mədəniyyəti, qədim tarixi abidələri, əlverişli iqlimi, yaz-qış və müalicəvi turizm üçün yaradılmış təsislər, yüksək səviyyəli infrastrukturu turizmin inkişafı üçün geniş imkanlar yaradır. O, həmçinin ölkə rəhbərliyinin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanın bölgədə aparıcı mövqe tutduğunu vurğulayıb. Baş konsul ölkə iqtisadiyyatı və turizm sektoru ilə bağlı jurnalistləri maraqlandıran sualları cavablandırıb. Tədbirin davamında jurnalistlərə Azərbaycan haqqında 13 dəqiqəlik film nümayiş etdirilib və "Odlar yurdu - Azərbaycan!" adlı təqdimat keçirilib.

Azərbaycanın turizm potensialına həsr olunmuş təqdimatda ölkə iqtisadiyyatı və sənaye gücü də işıqlandırılıb. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində imzalanmış "Əsrin müqaviləsi" nəticəsində Azərbaycanın təbii sərvətlərinin dünya bazarına ixrac edildiyi bildirilib. Müasir Azərbaycanda iqtisadiyyatla yanaşı, mədəniyyət, elm, təhsil, səhiyyə, idman sahələrinin inkişafına və gənclər siyasətinə Prezident İlham Əliyev tərəfindən yüksək diqqətin yetirildiyi, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu sahələrdə yeni və uğurlu layihələrin həyata keçirildiyi qeyd olunub. Ölkəmizin beynəlxalq səviyyəli tədbirlərə ev sahibliyi etdiyi və cari ilin iyun ayında Birinci Avropa Olimpiya Oyunlarının məhz Bakıda keçiriləcəyi vurğulanıb. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Avropa Oyunlarının Təşkilat Komitəsinə sədrlik etdiyi beynəlxalq əhəmiyyətli bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün paytaxt Bakıda və bölgələrdə qısa müddət ərzində Avropa standartlarına uyğun yeni idman komplekslərinin, stadionların inşa edildiyi qeyd olunub.

Baş konsulluğun təşəbbüsü ilə keçirilmiş təqdimat turizm mövzusunda ixtisaslaşmış Sankt-Peterburq KİV-lərində işıqlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti