Azərbaycan, Bakı, 1 aprel /Trend/
ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi
9-cu Bakı Yay Enerji Məktəbini təşkil edir.
Universitetdən Trend-ə verilən məlumata görə, ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşlığı ilə 4-17 iyul, 2015-ci il tarixlərində 9-cu Bakı Yay Enerji Məktəbini keçirəcək.
İki həftəlik sertifikat proqramı enerji və ətraf mühit məsələlərini təhlil etmək üçün dünyanın tanınmış alim, mütəxəssis və siyasətçilərini bir araya gətirəcək. İştirakçılar enerji və ətraf mühit, enerji hüququ və iqtisadiyyatı, neft-qaz sənayesində idarəçilik və SOCAR-ın strateji perspektivləri kimi məsələlərlə geniş şəkildə tanış olacaqlar.
Bakı Yay Enerji Məktəbi dünyanın müxtəlif ölkələrindən olan dövlət və özəl neft şirkətlərinin rəhbərləriylə görüşmək və əlaqə qurmaqda böyük imkanlar yaradır. Yay məktəbində Azərbaycanın Xarici İşlər, Energetika, Ekologiya və Təbii Sərvətlər nazirləriylə yanaşı, "TAP", "BP", "ExxonMobil", "Total", "Statoil", "PETRONAS" və digər neft şirkətlərinin yüksək vəzifəli şəxsləri çıxış edəcəklər. Müəllimlərin siyahısı Oksford Universiteti, Sciences-Po, Prinston Universiteti, Rusiya Elmlər Akademiyası və s. kimi dünya şöhrətli elm mərkəzlərinin görkəmli mütəxəssisləriylə tamamlanacaq.
İştirakçıların həm də Azərbaycanda neft sənayesinin keçmişi və müasir tarixi ilə bağlı olan Sənqəçal neft terminalını, Azərbaycanın ilk neft maqnatı Hacı Zeynalabdin Tağıyevin ev muzeyini, Nobel qardaşları muzeyini və başqa bu kimi yerləri gəzmək fürsəti olacaq.
Proqram tamamlandıqdan sonra iştirakçılar ADA Universitetinin rektoru Hafiz Paşayev və SOCAR-ın prezidenti Rövnəq Abdullayevin imzalayacağı sertifikatlarla mükafatlandırılacaq.
İştirak və proqram haqqında daha ətraflı məlumat üçün aşağıdakı linki ziyarət edə bilərsiniz:
http//www.ccee.ada.edu.az/summerschool