...

ADA Universitetində türkiyəli jurnalistlərin iştirakı ilə "dəyirmi masa" keçirilib (FOTO)

Cəmiyyət Materials 4 Aprel 2015 14:13 (UTC +04:00)
Bu gün Böyük İpək Yolu Gənclər İttifaqının təşkilatçılığı, “İrəli” İctimai Birliyi və ADA Universitetinin dəstəyi ilə ADA Universitetində “Azərbaycan-Türkiyə əlaqələrində tarixi dostluq, birgə əməkdaşlıq, ikitərəfli inkişaf perspektivlərində medianın aparıcı rolu” mövzusunda "dəyirmi masa" keçirilib.
ADA Universitetində türkiyəli jurnalistlərin iştirakı ilə "dəyirmi masa" keçirilib (FOTO)

Azərbaycan, Bakı, 4 aprel /Trend/

Bu gün Böyük İpək Yolu Gənclər İttifaqının təşkilatçılığı, "İrəli" İctimai Birliyi və ADA Universitetinin dəstəyi ilə ADA Universitetində "Azərbaycan-Türkiyə əlaqələrində tarixi dostluq, birgə əməkdaşlıq, ikitərəfli inkişaf perspektivlərində medianın aparıcı rolu" mövzusunda "dəyirmi masa" keçirilib.

Trend-in məlumatına görə, tədbirdə ölkəmizdə səfərdə olan Türkiyənin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri, dövlət rəsmiləri, millət vəkilləri, ictimai və gənclər təşkilatlarının rəhbərləri iştirak ediblər.

Çıxışına ümummilli lider Heydər Əliyevin "Biz kökü bir olan xalqıq. Bizim tariximiz bir, dilimiz bir, dinimiz birdir. Ona görə də tariximiz, milli köklərimiz, adət və ənənələrimizin hamısı bizi bir-birimizə sıx bağlayıbdır" sözləri ilə başlayan Böyük İpək Yolu Gənclər İttifaqının sədri, millət vəkili Fuad Muradov qeyd edib ki, bu gün Prezident İlham Əliyev də qardaş Türkiyə ilə ikitərəfli münasibətlərə mühüm diqqət yetirir.

Millət vəkili tarixin bütün dövrlərində Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayaraq bildirib ki, "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir" deyən Mustafa Kamal Atatürkün, 1918-ci ildə Azərbaycanı erməni-daşnak qüvvələrindən təmizləyən Ənvər Paşa və Nuru Paşanın adları nəinki təkcə Azərbaycanın, eyni zamanda, bütün türk xalqlarının yaddaşında həmişəlik qalacaq. O, bir müddət sonra 100 illik yubileyi qeyd olunacaq Çanaqala zəfərinə də toxunub və deyib ki, Prezident İlham Əliyevin Çanaqqala zəfərinin birlikdə qeyd olunması barədə qəti mövqeyi Türkiyə və Azərbaycan dövlətlərinin və xalqlarının bütün tarixi dövrlərdə olduğu kimi, bu gün də bir yerdə və həmrəy olduqlarını, həmin tarixi savaşdan çıxan ibrət dərslərinin hər iki ölkə üçün xüsusi əhəmiyyət daşıdığını göstərir.

ADA Universitetinin prorektoru Fariz İsmayılzadə qonaqları salamlayaraq bu tədbirin məhz universitetdə keçirlməsinə görə təşkilatçılara təşəkkürünü bildirib.

Tədbirdə iştirak edən Türkiyə Qəzetçilər Federasiyasının sədri Yılmaz Karaca, Mehmet Ali Dim çıxış edərək bildirib ki, Türkiyə-Azərbaycan əlaqələrinin geniş tarixi var. İki ölkə daimi olaraq müxtəlif sahələrdə əməkdaşlıq edir. Mədəniyyətlərarası inteqrasiyadan əlavə olaraq dövlətlərarası bir çox müqavilələr imzalanıb. Bütün bunlar göstərir ki, Azərbaycana Türkiyədən, Türkiyəyə Azərbaycandan əziz ikinci bir ölkə yoxdur.

Millət vəkili Sahibə Qafarova çıxış edərək bildirib ki, bu gün Türkiyə ilə Azərbaycan arasında əlaqələr bu möhkəm təməl əsasında qurulur. Türkiyə və Azərbaycan regional əməkdaşlıq prosesinin fəal və əsas söz sahibi olan iştirakçılarıdır.

Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edərək bildirib ki, Azərbaycanla Türkiyə hər zaman bütün sahələrdə bir-birini dəstəkləyib və bu birlik bundan sonra davam edcək.

Mətbuat Şurasının sədri Əflatun Amaşov çıxış edərək qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında bütün sahələrdə əlaqələr çox uğurla inkişaf edir. Bu inkişaf üçün isə media əsas rol oynamalı, Azərbaycan və Türkiyə haqqında həqiqətlər dünyaya çatdırılmalıdır. Eyni zamanda, hər iki ölkə ilə bağlı ikili standartlarla yanaşmalara, qərəzli mövqelərə qarşı birgə mübarizə aparılmalıdır.

"İrəli" İctimai Birliyinin sədri Mirhəsən Seyidov çıxış edərək Türkiyə ilə Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının qarşılıqlı əlaqələrindən danışıb.

Tədbirdə YAP Gənclər Birliyinin sədri Seymur Orucov, Dünya Türk Gənclər Birliyinin sədri Əkrəm Abdullayev, Dünya Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı da çıxış ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti