...

"Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişliklərinin Regional Alyansı" Azərbaycanda keçirilə bilər (FOTO)

Cəmiyyət Materials 15 Aprel 2015 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) Əmək Müfəttişlikləri Beynəlxalq Assosiasiyasının prezidenti Kevin Myerslə görüş olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanın dinamik inkişafı barədə K.Myersə məlumat verib, Prezident cənab İlham Əliyevin sosialyönümlü siyasətinin ölkədə sosial, o cümlədən əmək hüquqları sisteminin inkişafına şərait yaratdığını vurğulayıb. Nazir milli əmək qanunvericiliyinin və bu qanunvericiliyə əməl olunmasına dövlət nəzarəti sisteminin təkmilləşdirilməsi sahəsində görülən işlərdən bəhs edib. Respublikada əmək bazarına, işçi hüquqlarının təminatına elektron sistem əsasında çevik və səmərəli nəzarət mexanizminin qurulmasından söz açan nazir bu sistemin əmək müfəttişliyinin potensialının artırılması üçün beynəlxalq səviyyədə də uğurlu təcrübə kimi dəyərləndirildiyini diqqətə çatdırıb.

S.Müslümov qeyd olunan sahələrdə işlərin məqsədəuyğun təşklində beynəlxalq təşkilatlarla, xüsusən BƏT-lə fəal əməkdaşlığı qeyd edib: "Biz işçi hüquqlarının təminatı, sağlam və təhlükəsiz əmək şəraitinin təmini, əmək müfəttişliyinin inkişafı ilə bağlı beynəlxalq təşəbbüslərə fəal şəkildə qoşulmuşuq. Dünyanın 100-dən artıq ölkəsini özündə birləşdirən Əmək Müfəttişliklərinin Beynəlxalq Assosiasiyasının (ƏMBA) üzvü olan Azərbaycan bununla əlaqədar bütün öhdəlikləri uğurla yerinə yetirir. Həmçinin ölkəmiz ƏMBA-nın 12 ölkəni əhatə edən "Cənubi-Şərqi Avropa, Azərbaycan və Ukrayna Əmək Müfəttişliklərinin Regional Alyansı"nın (RALI) üzvü kimi, Alyans ölkələri arasında əmək müfəttişliyi, əməyin mühafizəsi və s. sahələrdə təcrübə mübadilələrinin aparılmasında yaxından iştirak edir. Alyansın üçüncü konfransı və beynəlxalq təlim-seminarı da məhz Bakıda keçirilib. Bu tədbirlərdə 30-dan çox ölkənin nümayəndəsi, çoxsaylı beynəlxalq ekspertlər iştirak edib, əmək müfəttişlikləri arasında səmərəli təcrübə mübadilələri aparılıb".

Nazir bildirib ki, Alyansın növbəti konfransının Ukraynada keçirilməsi nəzərdə tutulsa da, həmin ölkədə məlum hadisələr səbəbindən bu məsələ hələ ki, sual altındadır: "Biz RALI çərçivəsində əməkdaşlıq əlaqələrinin yenidən güclənməsinə tərəfdarıq. Bununla bağlı olaraq Alyansın nəzərdə tutulan tədbirinin bizim ölkədə təşkili ilə bağlı təşəbbüsümüz ƏMBA-nın 2014-cü ilin may ayında Cenevrədə keçirilən iclasında müzakirə edilərək dəstəklənib. Artıq bununla bağlı Assosiasiyanın vitse-prezidenti koordinator təyin edilib və onunla müzakirələr aparılır".

K.Myers Azərbaycanda əmək qanunvericiliyinə əməl olunmasına, habelə əməyin mühafizəsinə dövlət nəzarəti sisteminin gücləndirilməsi, əmək müfəttişliyinin potensialının təkmiləşdirilməsi, əmək münasibətlərinin elektron qeydiyyat sisteminin qurulması işlərinin ƏMBA tərəfindən rəğbətlə qarşılandığını ifadə edib. O, eyni zamanda, Azərbaycanın ölkələr arasında əmək müfəttişliyi sahəsində əməkdaşlığın inkişafı üçün göstərdiyi səylərə ƏMBA tərəfindən yüksək dəyər verildiyini vurğulayıb. Görüşdə ƏƏSMN ilə ƏMBA arasında əməkdaşlığın inkişafı, RALİ-nin növbəti konfransının gələn ilin əvvəlində Azərbaycanda keçirilməsinin mümkünlüyü, habelə bu Alyansın koordinatoru vəzifəsinə ƏƏSMN nümayəndəsinin seçilməsi (həmin şəxs eyni zamanda RALİ-nin vitse-prezidenti vəzifəsini daşıyacaq), təşkilata üzv ölkələr arasında təcrübə və məlumat mübadilələrinin genişləndirilməsi, bu sahədə qarşıda duran vəzifələr müzakirə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti