Azərbaycan, Bakı, 16 aprel /Trend/
Bakıda keçiriləcək I Avropa Oyunları ilə əlaqədar Azərbaycan-Polşa danışıq kitabçası nəşr edilib. Bu barədə Trend-ə Azərbaycanın Polşadakı səfirliyindən məlumat verilib.
Danışıq kitabçasının ön səhifəsində səfir Həsən Həsənovun I Avropa Oyunları iştirakçılarına müraciəti yer alıb.
Müraciətdə bildirilir: "Azərbaycanın Polşadakı səfirliyi Polyak-Azərbaycan danışıq kitabçasının xüsusi nəşri təşəbbüsünü irəli sürərək Bakıda keçiriləcək I Avropa Oyunlarına, həmçinin bütün idman dünyasına öz kiçik töhfəsini vermə şərəfinə malikdir.
Səmimi salamlarımızı xüsusilə polşalı qonaqlara: idmançılara, məşqçi qruplarına, onları müşayiət edən şəxslərə və jurnalistlərə ünvanlayırıq.
Ümid edirik ki, Azərbaycanın unikal abidələri, xalqımızın qonaqpərvərliyi və yüksək idman ruhu hər kəsdə unudulmaz təəssüratlar yaradacaq, ərsəyə gələn Polyak-Azərbaycan danışıq kitabçası isə insanların ünsiyyət qurması və beynəlxalq dostluğun gücləndirilməsi baxımından çox faydalı olacaq".
Qeyd olunan kitab "Azərbaycan-Polşa" seriyasında səfirliyin, Azərbaycan Dillər Universiteti və Varşava Universitetinin birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub. Kitab Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak məqsədilə ölkəmizə səfər edəcək nümayəndə heyətinin üzvlərinə hədiyyə edilib və Polşa Respublikasının Mərkəzi və Universitet kitabxanalarına göndərilib.