Azərbaycan, Bakı, 27 aprel /Trend/
Rusiya Federasiyasının əməkdar ekoloqu Bakı Dövlət Universitetində (BDU) olub. BDU-nun ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Rusiya Federasiyası Tümen Dövlət Universitetinin Ekologiya və Təbii Sərvətlərdən Səmərəli İstifadə Elmi-Tədqiqat İnstitutunun direktoru, Rusiya Federasiyasının əməkdar ekoloqu, professor A.B.Soromotin Ekologiya və torpaqşünaslıq fakültəsində olub.
Fakültə rəhbərliyi ilə işgüzar və maraqlı görüşlər keçirən alim gələcək əməkdaşlığın vacibliyini xüsusi qeyd edib. Gələcəkdə davam etdiriləcək əlaqələrin konturları müəyyən edilib və qarşılıqlı anlaşma memorandumu və müqavilənin bağlanmasına ehtiyac duyulduğu qeyd olunub. Görüşdə fakültənin dekanı, professor Nazim Şəmilov, Coğrafiya ekologiya kafedrasının müdiri, professor Şövqi Göyçaylı, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva, Bioekologiya kafedrasının müdiri, professor Nərminə Sadıqova, Yerquruluşu torpaq və şəhər kadastrı kafedrasının müdiri, dosent Teymur Nizamzadə, magistrant, doktorantlar və əməkdaşlar da iştirak edib.