Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bu gün keçirilən ümumi yığıncağında ilk dəfə olaraq "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" öz sahiblərinə təqdim olunub.
Trend-in məlumatına görə, Azərbaycan incəsənətinin və sənətşünaslıq elminin inkişafında sanballı xidmətlərinə görə AMEA-nın həqiqi üzvü, xalq artisti Arif Cahangir oğlu Məlikov və kvant nöqtəli heterostrukturların formalaşma prosesi və xassələrinin fundamental tədqiqi, onların əsasında yeni lazerlərin yaradılması sahəsində silsilə elmi əsərlərinə, habelə Azərbaycan-Rusiya elmi-texniki əməkdaşlığının inkişafına verdiyi şəxsi töhfəsinə görə Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, fizika üzrə Nobel mükafatı laureatı Jores İvanoviç Alfyorov AMEA-nın ən yüksək mükafatına layiq görülüb.
Akademiya prezidenti bildirib ki, İ.Alfyorov tədbirdə özü iştirak edə bilmədiyinə görə, onun mükafaı Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vasitəsilə ona təqdim olunacaq. Tədbirdə AMEA prezidenti tərəfindən elmin müxtəlif sahələrindəki xidmətlərinə görə fərqlənən alimlərə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarını daşıyan mükafatlar da təqdim edilib.
Belə ki, akademik Cəmil Əziz oğlu Əliyev AMEA-nın Akademik Mirəsədulla Mirqasımov, akademik Telman Abbas oğlu Əliyev AMEA-nın Nəsirəddin Tusi, akademik Musa İsmayıl oğlu Rüstəmov AMEA-nın Akademik Yusif Məmmədəliyev, akademik Teymur Əmiraslan oğlu Bünyadov AMEA-nın Abbasqulu ağa Bakıxanov, AMEA-nın müxbir üzvü Zemfira Yusif qızı Səfərova AMEA-nın Akademik Üzeyir Hacıbəyli, akademik Tariyel Hüseynəli oğlu Talıbov AMEA-nın Həsən bəy Zərdabi və geologiya-minearologiya üzrə elmlər doktoru Məmməd İsa oğlu Çıraqov AMEA-nın Akademik Musa Əliyev adına mükafatı ilə təltif olunub.