Azərbaycan, Bakı, 30 aprel /Trend/
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, xarici dövlətlərin ölkəmizdə akkreditə olunan hərbi attaşeləri Gəncə şəhərində yerləşən hərbi hissədə olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 13 dövləti təmsil edən hərbi attaşelər burada əsgər yeməkxanası, yataqxanaları, məşğələ otaqları ilə tanış olublar. Qonaqlar şəxsi heyətin döyüş hazırlığı məşqlərində də iştirak ediblər. Hərbi attaşelər burada yaradılmış xidmət və məişət şəraitindən, tədrisin səviyyəsindən məmnun qalıblar.
Ziyarət proqramına uyğun olaraq hərbi attaşelər dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsində olaraq onun əsərləri əsasında hazırlanan ədəbi-bədii kompozisiya tamaşa ediblər.
Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.