...

Azərbaycanın neft sənayesi tarixi və yeni neft strategiyası haqqında fransız dilində kitab nəşr olunub (FOTO)

Cəmiyyət Materials 6 May 2015 11:58 (UTC +04:00)
Azərbaycanın neft sənayesi tarixindən və yeni neft strategiyasından bəhs edən fransız dilində kitabın təqdimatı keçirilib.
Azərbaycanın neft sənayesi tarixi və yeni neft strategiyası haqqında fransız dilində kitab nəşr olunub (FOTO)

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

Azərbaycanın neft sənayesi tarixindən və yeni neft strategiyasından bəhs edən fransız dilində nəşr olunan kitabın təqdimatı keçirilib.

Trend xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Prezident Kitabxanasında ölkənin neft sənayesi tarixindən və yeni neft strategiyasından bəhs edən "Azərbaycanın neft və qaz ehtiyatları: bir dövlətin regional enerji mərkəzinə çevrilməsi" adlı kitabın təqdimatı keçirilib. Kitabın müəllifi hüquq elmləri doktoru Fazil Zeynalovdur. Kitab Kanadada fransız dilində çap edilib.

Təqdimat mərasimində çıxış edən Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, kitabın məhz Kanadada, eyni zamanda fransız dilində nəşr olunmasının xüsusi əhəmiyyəti var: "Çünki fransız dili Kanadanın iki rəsmi dövlət dilindən və BMT-nin 6 rəsmi işlək dilindən biridir". Direktor qeyd edib ki, bu F.Zeynalovun Kanadada nəşr olunan sayca beşinci kitabıdır və müəllifin razılığı ilə kitabın elektron versiyası Prezident Kitabxanasının saytında yerləşdiriləcək: "Bu kitabın fransız dilli ölkələrdəki elmi mərkəzlərə, kitabxanalara, ali təhsil ocaqlarına göndərilməsi Azərbaycan reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasına xidmət edəcək. Eyni zamanda, düşünürəm ki, bu kitab Azərbaycan neft strategiyasının banisi Heydər Əliyevin doğum gününə gözəl hədiyyədir".

Müəllif F.Zeynalov bildirib ki, 6 fəsil, 248 səhifədən ibarət olan kitabda qədim "İpək yolu" üzərində yerləşən Azərbaycanın dünyada ilk neft istehsalçısı olduğu diqqətə çatdırılıb, Bakı neftinin tarixdə oynadığı rol barədə ətraflı məlumat verilib və onun beynəlxalq ticarətin inkişafına verdiyi töhfədən ətraflı söhbət açılıb: "Sovet İttifaqı dağılandan sonra Azərbaycanda çətin duruma düşən neft sənayesi ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmasından sonra yenidən dirçəldilib, yeni neft strategiyası həyata keçirilib və ölkəmizin bugünkü uğurlarının əsası qoyulub".

O, qeyd edib ki, əsərində neft strategiyasını uğurla həyata keçirən və müstəqil xarici siyasət yürüdən prezident İlham Əliyevin neft və qaz kəmərlərinin diversifikasiyası məsələsini uğurla həll etməsinə də xüsusi yer ayırıb. Kitabda neft strategiyasının mahiyyəti və xüsusiyyətləri regional konkteksdə dəyərləndirilib və bu strategiyanın həyata keçirilməsi nəticəsində Azərbaycanın böyük əhəmiyyətə malik regional layihələrin aparıcısı kimi çıxış etməsi və qlobal səviyyəli aktyora çevrilməsi əsaslandırılıb.

Təqdimat mərasimində çıxış edən digər natiqlər də kitabın Azərbaycan həqiqətlərinin dünya ictimiayyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.

Qeyd edək ki, F.Zeynalov Fransa, Almaniya, İsveçrə və Kanadanın mətbu orqanlarında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və hüquqi aspektləri, Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyəti, Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolu, Azərbaycanın və Xəzərin enerji resursları, Cənubi Qafqazda siyasi məsələlərlə bağlı məqalələrlə tez-tez çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti