...

"Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır"

Cəmiyyət Materials 13 May 2015 10:12 (UTC +04:00)
Son illərdə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb.
"Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır"

Son illərdə ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurlu sosial siyasət və sürətli islahatların həyata keçirilməsi nəticəsində Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlılığını təmin edən müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Ümumilikdə bu gün ölkəmizdə tətbiq olunan yeni sığorta-pensiya sistemi pensiyaların artırılması mexanizminin bazar iqtisadiyyatının tələblərinə uyğun şəkildə həyata keçirilməsinə, mövcud maliyyə imkanlarının bütün pensiyaçılar arasında ədalətli bölgüsünə imkan yaradır. Bundan əlavə, Dövlət Sosial Müdafiə Fondu (DSMF) "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə tədbirlər planı"nın icrası istiqamətində, eləcə də Azərbaycanın sığorta-pensiya sistemi, fərdi uçot sistemi və onun rolu, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının pensiya təminatında başlıca meyar olması sahələrində praktiki tədbirlər həyata keçirir. Digər tərəfdən, çoxsaylı pensiyaçı və sığortaolunanlar kontingentinə qabaqcıl beynəlxalq təcrübəyə uyğun avtomatlaşdırılmış xidmətin təşkili məsələlərinin həllində adıçəkilən fond öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Belə ki, sığorta-pensiya sisteminin yeni inkişaf mərhələsində prioritet hədəflər dövlət başçısının 4 noyabr 2014-cü il tarixli sərəncamı ilə "2014-2020-ci illərdə pensiya təminatı islahatı konsepsiyası"nın çərçivəsində müəyyən olunub. Həmin sənəd respublikamızda pensiya təminatı sisteminin formalaşmasında beynəlxalq inkişaf tendensiyalarının nəzərə alınması və pensiya təminatının daim yenilənən müasir tələblərə uyğunlaşdırılması, inkişaf etmiş ölkələrin bu sahədə təcrübəsindən istifadə edilməklə uzunmüddətli dövr üçün pensiyaçıların etibarlı sosial müdafiəsinə nail olunması məqsədini daşıyır. Bu da o deməkdir ki, yaxın perspektivdə başlıca hədəf pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi və təyin olunan pensiya məbləğinin ödənilən sığorta haqqına mütənasibliyinin təmin edilməsi, əmək pensiyalarının yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya institutlarının formalaşdırılması və inkişaf etdirilməsi yolu ilə sığorta-pensiya sisteminin uzunmüddətli dövr üzrə maliyyə dayanıqlığına nail olmaqdır.

Lakin görülən işlərə və əldə edilən uğurlara baxmayaraq, sosial sığorta sahəsi barədə əhalinin geniş maarifləndirilməsinə ciddi ehtiyac yaranıb. Çünki bəzi ekspertlər bir sıra hallarda sosial sığorta ilə vergini ilə dəyişik salır və sığorta-pensiya sistemi iştirakçılarında yanlış təsəvvür formalaşdırırlar. Bu səbəbdən də bəzi hallarda vətəndaşların vergi və sosial sığorta ilə bağlı təsəvvürlərinin məhdudluğu bu iki anlayışın aydın dərk edilməməsinə, hətta bir çox hallarda eyniləşdirilməsinə gətirib çıxardır. Məhz bu amili nəzərə alaraq sosial sığorta sistemləri barədə bəzi məlumatları ictimaiyyətin diqqətinə çatdırmaq istəyirik.

Sosial sığorta nədir?

"Sosial sığorta haqqında" qanuna görə, "sosial sığorta - bu qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır". Sosial sığorta iki formada -məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formasında olur. Sosial sığorta vətəndaşın pensiyası təminatı, sosial rifahı baxımından mühüm əhəmiyyətə malikdir.

Sosial sığorta haqlarının vaxtında ödənilməsi nə üçün vacibdir?

Respublikamızda əmək pensiyaları ödənilmiş məcburi sosial sığorta haqlarına əsasən təyin olunur. Bu isə pensiya məbləğinin sosial sığorta haqlarının vaxtında ödənilməsindən birbaşa asılı edır. Bununla bağlı işləyənlər (bundan sonra sığortaolunan) işəğötürənlərlə (bundan sonra sığortaedən) əmək müqavilələrinin bağlanılmasında və sosial sığorta haqlarının ödənilməsində son dərəcə diqqətli olmalıdırlar. Onlar gələcəkdə normal pensiya məbləği əldə etmək üçün pensiya sisteminə daha çox sosial sığorta haqqı ödənilməsinə çalışmalıdırlar. Ölkəmizin sığorta-pensiya sistemi vasitəsilə iqtisadiyyatının ayrı-ayrı sahələrinin inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulub ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir. Belə olan şəraitdə əmək haqqına üstəlik kimi qəbul olunan sosial sığorta haqlarının azaldılması, əməyin ümumi dəyərinin azaldılması anlamına gəlməklə, fərdi hesablarda toplanan vəsaitlərin də azalmasına səbəb olaraq gələcək pensiya təminatına mənfi təsir göstərir.

Sosial sığortanın vergidən fərqi nədir?

Bu gün ölkə ictimaiyyətində belə bir təsəvvür yaranıb ki, vergi ilə sosial sığorta eyni funksiyanı daşıyır. Ancaq onlar bir-birlərindən tamamilə fərqlənir. Söhbət ondan gedir ki, vergi dövlətin fəaliyyətinin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir. Yəni vergi dövlətin maliyyə resurslarına olan ehtiyacın formalaşması üçün, eləcə də sahibkarlar tərəfindən iqtisadi fəaliyyətə görə ödənilən məcburi ödənişlərdir. Vergilər dövlət büdcəsinə ödənilir və büdcədən ayırmalar üçün istifadə olunur. Vergilərdə əsas məqsəd cari maliyyə ilində dövlətin maliyyə ehtiyatlarını qarşılamaq üçün vəsaitlərə malik olmasıdır. Vergi, fiziki və hüquqi şəxslərdən ödəmə qabiliyyətləri nisbətində alınır. Bundan əlavə, vergi əvəzsiz ödəmə formasılıdr. Ancaq vergidən fərqli olaraq sosial sığorta nəticə etibarilə pensiya formasında yenidən vətəndaşın özünə qayıdır. Yəni, vergi dövlət xərclərinin maliyyələşməsinə sərf edilən bir sistem olduğu halda, sosial sığorta sistemi vətəndaşın pensiya təminatının, sosial rifahının yüksəldilməsinə xidmət edir. Başqa sözlə desək, vergi dövlətin, sosial sığorta isə vətəndaşın maddi təminat mənbəyi qismində çıxış edir. Sosial ayırmalar isə vətəndaşın, işçinin pensiya yaşına çatanda alacağı pensiyanı müəyyənləşdirmək və təmin etmək üçün toplanır. Sosial sığortalar vətəndaşların, işçilərin əmək qabiliyyətləri zəiflədikləri dövrlərdə, onların sosial təminatı üçün vacibdir. Sosial sığortada məcburi ödəmə ilə yanaşı könüllü ödəmə forması olduğu halda vergidə bütün ödəmələr məcburi xarakterlidir.

Sosial sığorta vətəndaşın dövlətə verdiyi borcdur

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, vergidən fərqli olaraq sosial sığorta vətəndaşın, yəni sığortanı ödəyən şəxsin gələcəkdə pensiyaya çıxan zaman sosial vəziyyətini təmin ediılməsi üçün həyata keçirilən ödənişdir. Sosial sığorta hər bir vətəndaşın işlədiyi əmək fəaliyyətinə görə həm əməkhaqqı fondundan, həm də işçinin öz əməkhaqqından ödənilən vəsaitdir. Onun dediyinə görə, sosial sığorta vətəndaşın dövlətə verdiyi borc kimi qiymətləndirilməlidir: "Vətəndaş sığortanı ödəyir. Həmin ödənişlər pensiyaya çıxanda ona imkan verir ki, daha çox pensiya almaq imkanına malik olsun. Yəni daha çox sosial ödəniş daha böyük məbləğdə pensiya əldə edilməsi deməkdir. Başqa sözlə, vətəndaş ödəniş edən zaman nə ödəyibsə, həmin vəsaiti tam şəkildə pensiya yaşına çatanda almaq imkanına malik olcaq. İndiki qaydalara əsasən, əmək haqqı fondunun 22 faizi, vətəndaş, işçi isə öz əmək haqqından 3 faiz ödəniş edir".

Qeyri-leqal əmək fəaliyyəti sosial sığortaya ağır zərbə vurur

Qeyd edək ki, uzun illərdir mübarizə aparılmasına baxmayaraq Azərbaycanda hələ də qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanlar var. Bu baxımdan da sosial sığorta sistemində daha çox uğurların qazanılması üçün bir sıra tədbirlərin həyata keçirilməsi vacibdir. Məsələn, sosial sığortanın iqtisadi mahiyyəti sosial sığorta normativinin strukturunda işəgötürən və işçi arasındakı nisbətin dəyişdirilməsində də nəzərə alınmalı, işçinin payının artırılması adekvat əmək haqqı ödənişlərinin artımı ilə qarşılanmalıdır. Bu səbəbdən də Vüqar Bayramov qeyd edir ki, vətəndaşlar yaşadıqları yerlərdə əmək müqavilələri bağlanmasında və buna uyğun sosial ödənişlər edilməsində ciddi maraq göstərməlidirlər. Bu gün onlar tərəfindən sosial sığortaya ödənilən hər bir manat gələcəkdə onların sosial təminatını müəyyənləşdirəcək və yaxşılaşdıracaq məbləği formalaşdırmış olacaq: "Əsas istiqamətlərdən biri fiziki şəxslərin əmək müqaviləsi olmadan işə götürülməsinə nəzarətlə bağlıdır. İşçilər işləyən zaman əmək müqaviləsinin bağlanmasında maraqlı olmalıdırlar. Çünki əmək müqaviləsinin bağlanması sosial ödənişlərin həyata keçirilməsi və vətəndaşın gələcəkdə pensiya alması təmin edilməsi deməkdir. Bu baxımdan, əmək müqaviləsinin bağlanması birmənalı şəkildə təkcə dövlətin maraqlarına deyil, eləcə də və daha çox işçinin maraqlarına uyğun olaraq atılan addımdır. Ona görə, hər bir işçi çalışmalıdır ki, işlədiyi yerdə əmək müqaviləsi bağlasın, orada real əmək haqqı tam əks olunsun. Çünki əmək müqaviləsi sosial ödəniş üçün bazadır. Sosial ödənişin həyata keçirilməsi isə pensiya yaşında daha yüksək təqaüd üçün maliyə bazası formalaşdırır".

İqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, müəssisələrdə işə düzələn vətəndaşların özü əmək münasibətlərinin rəsmiləşdirilməsində maraqlı olmalı, sosial sığortaların vaxtı-vaxtında ödənilməsinə diqqət yetirməlidir: "Ölkədə qeyri-rəsmi olaraq işləyən muzdlular ordusu var. Vətəndaşın rəsmi şəkildə işə götürülməməsi onun üçün ciddi problemlər yaradır. Vətəndaş bugünkü maaşa görə müqavilə bağlamaqda maraqlı olmur, amma gələcək üçün özünə böyük problemlər yaradır. Belə ki, ona gələcəkdə pensiya hesablanmır. Çünki o, iş yerindən arayış ala bilmir. Ona görə də vətəndaş anlamalıdır ki, onun maaşından ayrlıb dövlətə gedən vəsait onun gələcəyinin təminatıdır. Bu baxımdan hər bir insan çalışmalıdır ki, işlədiyi yerdə rəsmiləşdirilsin. Gələcək pensiya təminatını təmin etsin. İnsanların bu həqiqətləri anlaması olduqca vacibdir. Bu isqitamətdə müəyyən tədbirlərin həyata keçirilməsi və vətəndaşların maarifləndirilməsi mütləq lazımdır".

Təbriz VƏFALI

Yazı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun jurnalistlər arasında elan etdiyi "Fərdi uçot əsaslı sosial sığorta sistemində iştirakınız etibarlı pensiya təminatınızdır" mövzusunda müsabiqəyə təqdim edilir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti