Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir Ənvər Məmmədov/
Azərbaycanın ticarət şəbəkəsində "Visa" beynəlxalq ödəniş sisteminin kartları üzrə dövriyyə 2014-cü ildə 24 faiz artıb. Trend-in məlumatına görə, bunu "Visa" şirkətinin Azərbaycanda biznesin inkişafı üzrə meneceri Nurlan Hacıyev deyib.
Onun sözlərinə görə, bir kart üzrə orta dövriyyə 42 faiz, ticarət şəbəkəsində "Visa" kartları ilə əməliyyatların sayı isə 31 faiz artıb. POS-terminallar və kart qəbul nöqtələri 2 dəfə artıb.
N.Hacıyev həmçinin bildirib ki, Azərbaycanda "face-to-face" əməliyyatlarının sayının artması müşahidə olunur: "2014-cü ilin ilk rübü ilə müqayisədə bu ilin yanvar-mart aylarında əməliyyatların həcmi 42 faiz artıb. İnvernet vasitəsilə "Visa" kartları ilə əməliyyatların dövriyyəsi 36 faiz artıb. Böyük nəticələr əldə etmişik, lakin nağdsız ödənişlərin "Visa" kartları ilə əməliyyatların ümumi həcmində payı cəmi 9 faiz təşkil edir. Bu, çox kiçik göstəricidir, ancaq bu gün atdığımız addımlar bazarın böyük həcmindən və genişlənməsi üçün perspektivlərin olmasından xəbər verir".