...

Elman Babayev: Hazırda Azərbaycanda 65 185 nəfər sağlamlıq imkanları məhdud uşağa aylıq sosial müavinət ödənilir

Cəmiyyət Materials 22 İyun 2015 12:45 (UTC +04:00)
Ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara ödənilən aylıq sosial müavinətin məbləğinin həmin uşaqların qida rasionu üçün kifayət etmədiyi barədə bəzi mətbu orqanlarda yer alan subyektiv yanaşmalara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev münasibət bildirib.
Elman Babayev: Hazırda Azərbaycanda 65 185 nəfər sağlamlıq imkanları məhdud uşağa aylıq sosial müavinət ödənilir

Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlhamə İsabalayeva/

Ölkəmizdə sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara ödənilən aylıq sosial müavinətin məbləğinin həmin uşaqların qida rasionu üçün kifayət etmədiyi barədə bəzi mətbu orqanlarda yer alan subyektiv yanaşmalara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev münasibət bildirib.

E.Babayev Trend-ə açıqlamasında vurğulayıb ki, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi dövlət siyasətinin mühüm tərkib hissəsidir. Hazırda Azərbaycanda 65185 nəfər sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununa əsasən aylıq sosial müavinət ödənilir və son on ildə bu sosial müavinətin aylıq məbləği 7,4 dəfə artırılmışdır.

Onun sözlərinə görə, "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununda qeyd olunduğu kimi, müavinət - ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlara ödənilən aylıq müavinət də onlara məhz sosial yardım göstərilməsi məqsədinə yönəlib: "Bu müavinətin müəyyən olunması həmin uşaqların qida rasionunun ödənilməsi şərti əsasında həyata keçirilmir, ailədəki bütün uşaqlarla bərabər sağlamlıq imkanı məhdud uşaqlar da eyni şəkildə ailə ilə bərabər qidalanır və onlara verilən müavinət əsasən səhiyyə üzrə müəyyən tələblərin qarşılanması üçündür. Bu səbəbdən də qeyd olunan müavinətin məbləğinin sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların qida rasionu ilə müqayisəsi qeyri-məntiqi yanaşmadır. Digər tərəfdən, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların sosial müdafiəsi dövlət tərəfindən digər proqramlar əsasında da dəstəklənir. Məsələn, ötən ay respublika üzrə ünvanlı dövlət sosial yardımı ödənilən şəxslərin 5551 nəfəri sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar olub. Həmçinin xüsusi təhsilə cəlb olunanların valideynlərinə və ya digər qanuni nümayəndələrinə sağlamlıq imkanları məhdud uşaqlarını xüsusi təhsil müəssisəsinə, sağlamlıq və reabilitasiya mərkəzlərinə, tibb müəssisələrinə aparıb gətirmək üçün ayda 20 manat həcmində müavinət verilir".

Şöbə müdiri bildirib ki, Azərbaycanın pensiya qanunvericiliyində sağlamlıq imkanları məhdud uşağa qulluq edən analara əlavə təminatlar da nəzərdə tutulub. "Əmək pensiyaları haqqında" Qanunun 8.2-ci maddəsinə əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş və azı 10 il sığorta stajı olan anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. "Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında" Qanunda isə sağlamlıq imkanları məhdud uşaqların dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, sanatoriya-kurort müalicəsi ilə ilk növbədə təmin olunmaq hüquqları əksini tapıb. Bu Qanuna uyğun olaraq, aidiyyəti qurumlar həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını qanunvericiliyə uyğun olaraq təmin edirlər.

E.Babayev nəzərə çatdırıb ki, sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqların bərpa-müalicəsi üçün hazırda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olmaqla Bakı və Naxçıvan şəhərlərində Uşaq Bərpa Mərkəzləri fəaliyyət göstərir və onlarda qeyd olunan uşaqların pulsuz olaraq bərpa-müalicəsi işləri aparılır. Bu təbəqədən olan uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili işləri də görülür. Təkcə ötən il 85 nəfər sağlamlıq imkanları məhdud uşağın valideynlərindən birinin müşaiyəti ilə xarici ölkələrdəki reabilitasiya mərkəzlərində bərpa-müalicəsi təşkil edilib. Cari ildə də bu sahədə işlər davam etdirilir: "Eyni zamanda, "Sosial xidmət haqqında" Qanuna uyğun olaraq, ƏƏSMN-nin sosial sifarişləri üzrə icra olunan layihələr çərçivəsində 1500 nəfərdən çox uşaq sosial xidmətlərlə təmin edilir ki, onların əksəriyyəti sağlamlıq imkanları məhdud uşaqlardır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti