...

Təhsil Nazirliyi bu gündən imtahanlara başladı

Cəmiyyət Materials 21 İyul 2015 17:03 (UTC +04:00)
İyulun 21-də ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb.
Təhsil Nazirliyi bu gündən imtahanlara başladı

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

İyulun 21-də ümumtəhsil müəssisələrinə və peşə liseylərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanları başlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 21-29 iyul 2015-ci il tarixlərində aparılacaq imtahanlar Azərbaycan Dövlət İqtisad Universitetinin 2-ci tədris binasında (AZ1072, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev küçəsi, 135) keçiriləcək.

Ümumilikdə, müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 24 437 nəfər elektron ərizə ilə müraciət edib, onlardan 21 795 nəfərin ərizəsi qəbul olunub. Müsabiqəyə müraciət edənlərin böyük əksəriyyəti ibtidai sinif müəllimləridir.

Elektron ərizə verənlərin fənlər üzrə təsnifatına görə 6 440 nəfər (29,54 faiz) ibtidai sinif, 2 971 nəfər (13,63 faiz) Azərbaycan dili və ədəbiyyat, 2 354 nəfər (10,80 faiz) ingilis dili, 1 916 nəfər (8,79 faiz) riyaziyyat, 1 260 nəfər (5,78 faiz) tarix, 1 152 nəfər (5,28 faiz) informatika, 974 nəfər (4,46 faiz) fiziki tərbiyə, 954 nəfər (4,37 faiz) coğrafiya , 804 nəfər (3,68 faiz) biologiya, 778 nəfər (3,56 faiz) fizika, 665 nəfər (3,05 faiz) kimya, 475 nəfər (2,17 faiz) texnologiya, 289 nəfər (1,32 faiz) təsviri incəsənət, 211 nəfər (0,96 faiz) musiqi, 180 nəfər (0,82 faiz) rus dili, 151 nəfər (0,69 faiz) rus dili və ədəbiyyatı, 118 nəfər (0,54 faiz) fransız dili, 103 nəfər (0,47 faiz) alman dili müəllimidir.

Namizədlər tərəfindən ən çox seçilən vakant yerlər Bakı şəhəri (351 yer - 10,14 faiz), Cəlilabad rayonu (202 yer - 5,83 faiz), Laçın rayonu (180 yer - 5,20 faiz), Quba rayonu (172 yer - 4,96 faiz), Lerik rayonu (165 yer - 4,76 faiz) üzrə olub.

Elektron ərizəsi təsdiq olunanların böyük əksəriyyəti (19 911 nəfər, 91,36 faiz) 35 yaşadək gənclərdir. Namizədlərin 1 661 nəfəri (7,62 faiz) 35-50 yaş, 223 nəfəri (1,02 faiz) 50-65 yaş arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti