Azərbaycan, Bakı, 1 avqust /Trend, müxbir Elmir Murad/
"Ötən mövsümlə müqayisədə bu il sularda batma faktları xeyli azalıb". Bunu Trend-ə açıqlmasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Sularda Xilasetmə Xidmətinin sektor müdiri Mansur Piriyev deyib.
Onun sözlərinə görə, insanlar artıq müəyyən təhlükəsizlik qaydalarına riayət edirlər və bu istiqamətdə müsbətə doğru irəliləyişlər var.
Xilasedicilərin səhərdən axşama kimi çimərliklərdə insanların təhlükəsizliyi üçün çalışdığını deyən sektor müdiri statistik rəqəmləri də açıqlayıb: "2015-ci il yanvarın 1-dən bu günədək 177 nəfər xilas edilib. Onlardan 107 nəfəri çimərlikdə, digərləri isə qadağan olunmuş su hövzələrində xilas olunub. Faktiki olaraq suda bir nəfərin boğulması belə qeydə alınmayıb".
Buna baxmayaraq, qadağan olunmuş su hövzələrində ölüm faktları qeydə alınıb. M.Piriyevin sözlərinə görə, bu istiqamətdə xilasedicilər və dalğıclar axtarış işləri həyata keçirirlər: "Qeydə alınan faktların əksəriyyəti çimmək məqsədilə dənizə gələnlərlə bağlı olmayıb. Ölüm halları ya müəyyən intiharlar, ya kriminal hadisələr, ya da insanların spirtli içki qəbul etməsi nəticəsində yaranıb. Biz bununla bağlı daha geniş araşdırma aparırıq. Yəqin ki, mövsümün sonunda statistik rəqəmlər bilinəcək".