...

Transxəzər layihəsinin yarada biləcəyi ekoloji problemlər-Nikbin proqnoz verilir

Cəmiyyət Materials 19 Avqust 2015 14:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir Elmir Murad/

Transxəzər boru kəmərinin tikintisi zamanı yarana biləcək müəyyən ekoloji problemlər nəzərə alınacaq. Bunu Trend-ə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mirsələm Qəmbərov deyib.

Onun sözlərinə görə, hər bir layihə Azərbaycanın qoşulduğu beynəlxalq təşkilatların ətraf mühitlə bağlı tələblərinə uyğun şəkildə həyata keçirilir.

Sözügedən layihənin tikintisi zamanı ekoloji problemlərin ortaya çıxacağını istisna etməyən M.Qəmbərov qeyd edib ki, bütün yaranacaq problemlərin qarşısını öncədən almaq üçün tədbirlər həyata keçiriləcək: "İstənilən layihə, o cümlədən, Transxəzər boru kəməri layihəsi dövlət ekspertiza idarəsinə təqim olunur. Həyata keçirilən bütün layihələr qanunvericilikdən irəli gələn normativlərin tələblərinə cavab verməlidir. Təbii ki, kəmərin keçəcəyi ərazidə, dənizin dibində müəyyən flora və faunaya istər-istəməz mənfi təsir olacaq. Amma indiyə kimi başqa tikintilərin icrasında ekologiyaya mənfi təsir edən amillərin qarşısı çox böyük peşəkarlıqla alınıb. Ümid edirəm ki, bu kəmərin keçdiyi ərazilərdə də layihənin icrasında yarana biləcək ekoloji problemlərin qarşısını ala biləcəyik".

Nazirlik rəsmisi hesab edir ki, kəmərin keçdiyi ərazilərdə əmələ gəlmə ehtimalı olan bütün tullantılar qanunvericilikdə nəzərdə tutulan normativlərlə idarə olunmalıdır: "Ekoloji sferada istər atmosfer olsun, istər havanın çirklənməsi olsun, bütün bunlar qayda-qanunla idarə olunmalıdır. Əmələ gələn tullantı dənizə atılmamalıdır. Tullantılar poliqonda yerləşdirilməlidir. Qeyd etdiyim normalara riayət olunarsa, ekoloji problemlər çox olmaz".

Qeyd edək ki, uzunluğu 300 kilometrə yaxın olan Transxəzər boru kəməri Xəzərin Türkmənistan sahillərindən Azərbaycana qədər uzanacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti