Azərbaycan, Bakı, 24 avqust /Trend, müxbir İlkin İzzət/
Bakının avtobus dayanacaqlarına nişanlama xətləri çəkilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 1 nömrəli Protokoluna əsasən Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üçün Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən işlərin icrasına başlanılıb.
Tədbirlər planına əsasən, Bakı şəhəri prospekt və küçələrində avtobus dayanacaqları üçün avtobusların qabarit ölçüləri nəzərə alınmaqla müəyyən edilmiş ölçüdə nişanlama xətlərinin çəkilməsi işləri aparılır.
Artıq 170 ünvanda yerləşən dayanacaqlarda işlər icra olunub. Hazırda digər küçələrdə anoloji xətlənmə işləri həyata keçirilir. Yaxın günlərdə bu istiqamətdə işlər tam olaraq yekunlaşdırılacaq.