...

"AzTV milli-mənəvi dəyərlərimizin əsl keşikçisidir"

Cəmiyyət Materials 25 Avqust 2015 14:26 (UTC +04:00)

Əfqan Salmanov - Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu, Sumı vilayətinin deputatı, siyasi elmlər namizədi

"Azərbaycan Televiziyası xalqımızın milli sərvətidir".

Mən bu kəlamı 1993-1994-cü illərdə ümummilli liderimiz Heydər Əliyevin dərin məzmunlu çıxışından eşitmişəm. Elə həmin gundən də Televiziyanın bir millətin, bir ölkənin həyatında nə qədər böyük rol oynadığının fərqinə varmışam. Azərbaycan dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizin ağır məşəqqətlərlə üzləşdiyi və informasiya blokadasına alınaraq haqq səsının boğulması o qədər də uzaq tariximiz deyil. Sözün düzü, o dövrlər dünyanın müxtəlif ölkələrində yaşayan milyonlarla azərbaycanlının dövlət müstəqilliyimizin qorunub saxlanacağına və ölkəmizdə vətəndaş qarşıdurmasının aradan qaldırılacağına heç bir ümid yeri qalmamışdı.

Nəhayət, ölkəmizin ən ağır məqamlarında xalqımızın müraciəti ilə ikinci dəfə siyasi hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti Azərbaycanı parçalanmaq və milli heysiyyatımızın tapdalanmaq təhlükəsindən xilas edə bildi. Çətin dövrlərdə Azərbaycan Televiziyasının rolundan düzgün və səmərəli istifadə edərək xalqımızın qanına susayanlar barədə ictimaiyyətə doğru məlumat çatdıran ümümmilli liderimiz H.Əliyev bu efirin xalqımızın əsl milli sərvəti olduğunu da sübuta yetirdi.

İndi dünyanın müxtəlif ölkələrində yaşayan 50 milyondan çox azərbaycanlı peyk rabitəsi vasitəsilə Azərbaycan Televiziyasını izləmək şansını əldə edib. Son 20 ildə Azərbaycanın beynəlxalq arenada əldə etdiyi uğurlar, ölkəmizin iqtisadi cəhətdən inkişaf edərək Çənubi Qafqazda lider dövlətə çevrilməsi, milli-mənəvi dəyərlərimizin inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması Azərbaycan Televiziyası vasitəsilə bütün dünyaya təqdim edilir.

Bu tendensiya bütün azərbaycanlılar kimi Ukraynada yaşayan 500 mindən çox soydaşımızın həyatında da müstəsna rol oynayır. Azərbaycan Televiziyasının son 10 ildə hazırladığı verilişləri, xüsusən də gənc istedadların üzə çıxarılması istiqamətində gördüyü işləri xüsusi qeyd etmək istəyirəm.

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan hər bir azərbaycanlı istək və arzularını Azərbaycan Televiziyasında tapa bilir. Xüsusən də Azərbaycan Prezidenti İlham Əliyevin xarici ölkələrə səfərlərinin, Azərbaycanın rayon və şəhərlərində keçirdiyi görüşlərin operativ olaraq dünyaya çatdırılması hər birimizdə böyük iftixar hissi yaradır. Biz böyük iftixarla yaşadığımız ölkələrin dövlət və hökümət rəsmiləri, elm və mədəniyyət xadimləri ilə görüşlərimizidə Azərbaycanın əldə etdiyi uğurları, dünya birliyinə inamlı inteqrasiya xəttini nümunə göstərməklə qürur duyuruq.

Təbii ki, bizlərə bu sevincli anları yaşatdıran ulu öndərimiz H.Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm prezidentimiz İlham Əliyevin xalq naminə gördüyü böyük işlərdir. Bu işləri dünyaya olduğu kimi çatdıran isə Azərbaycan Televiziyasıdır. Bu həm də Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu kadr siyasətinin nəticəsidir.

Mən diqqətinizi çox vacib bir məqama yönəltmək istərdim. Bu gün Vətən hüdudlarından uzaqlarda yaşayan hər bir azərbaycanlının özünəməxsus problemləri mövcuddur. Bu problemlərdən biri də xarici ölkələrdə doğulub boya başa çatan uşaqlara və gənc yeniyetmələrə doğma ana dilimizin şirinliyini, qədim adət-ənənələrimizi, zəngin mədəniyyətimizi, çox əsrlik tariximizi, bir sözlə, milli-mənəvi dəyərlərimizi öyrətməkdir. Bu istiqamətdə yaşadığımız ölkələrdə Azərbaycan dili məktəbinin və yaxud əyani vəsaitlərin olmaması ciddi problemlərimizdəndir. Tam əminliklə demək olar ki, bu gün peyk rabitəsi vasitəsilə bütün dünyaya yayımlanan Azərbaycan Televiziyası uşaq və gənclərimiz üçün əsl məktəb rolunu oynayır. Biz bunu gundəlik həyatımızda hiss edir, övladlarımızın böyük sevgi və maraqla Azərbaycan Televiziyasına baxmalarından fərəh hissi duyuruq.

Son dövrlər Azərbaycan Televiziyasında milli ruhda olan filmlərin, xalq mahnılarının, idman, hərbi vətənpərvərlik və mənəvi incilərimizi özündə əks etdirən verilişlərin efirə verilməsi xaricdə yaşayan uşaqlarımızın milli ruhda böyümələrinə geniş imkanlar yaradıb. Bunları nəzərə alaraq, Ukraynada yaşayan hər bir soydaşımız peyk rabitəsi vasitəsilə bütün dünyaya yayımlanan Azərbaycan Televiziyasını uşaqların ixtiyarına verib. Xarici ölkələrdə yaşayan azərbaycanlıları nəzərə alıb AzTV-nin gecə saatlarında milli filmləri efirə verməsi də dövlətimizin irəli sürdüyü ümumazərbaycançılıq ideologiyasının məntiqi nəticəsidir.

Son illər Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xalqımızın xoş və inamlı gələcəyi, milli-mənəvi irsimizin araşdırılaraq inkişaf etdirilməsi, xüsusən də muğam sənətinin yenidən özünə qaytarılması istiqamətində həyata keçirdiyi qlabal tədbirlər hər birimizdə böyük iftixar hissi yaradıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə muğam müsabiqəsinin təşkil edilməsi və Azərbaycan Televiziyası vasitəsilə müsabiqənin dunyaya çatdırılması milli özünüdərkin bünövrəsini qoyub. Xüsusən də istedadlı gənc oğlan və qızlarımızın muğam sənətini böyuk sevgiylə yaşatmaları hər birimizdə böyük ruh yüksəkliyi yaradıb.

Azərbaycan müstəqilliyini əldə etdikdən sonra qarşıda duran prioritet məsələlərdən biri də milli diasporumuzun təşkilatlanması və inkişaf etdirilməsinə nail olmaqdır. Bu məsələnin tarixi reallığı, dünya azərbaycanlılarının vahid amal ətrafında birləşməsi ideyası da dahi öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu ideyanın daha geniş vüsət alması dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı ziyalıların, elm, mədəniyyət və dövlət xadimlərinin axtarılıb onların barəsində silsilə verilişlər hazırlanması missiyasını da məhz AzTV öz üzərinə götürüb.

Son dövrlər Azərbaycan Televiziyasının xarici ölkələrdə fəaliyyət göstərən nümayəndəliklərinin bu sahəyə xüsusi diqqət ayırması Azərbaycan Diaspor və Cəmiyyətlərinin həyata keçirdikləri tədbirləri operativ olaraq geniş tamaşaçı auditoriyasına təqdim etməsi Azərbaycan diasporunun inkişaf etdirilməsi istiqamətində yeni eranın başlanğıcını qoyub. Bir yandan Prezident İlham Əliyevin xarici ölkələrə rəsmi səfərləri çərçivəsində Azərbaycan diasporunun fəalları ilə görüşüb onlara mənəvi arxa durması, bir yandan da Azərbaycan Televiziyasının bu siyasəti ardıcıl olaraq davam etdirməsi dövlət mexanizminin yüksək səviyyədə işləməsindən xəbər verir.

Bu gün dunyanın müxtəlif ölkələrində olduğu kimi, Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporu da həyata keçirdikləri istənilən tədbirin Azərbaycan Televiziyasında işıqlandırılması imkanını əldə edib. Bu, həm burada yaşayan soydaşlarımıza böyük ruh yüksəkliyi verir, həm də Vətən naminə yeni tədbirlərin keçirilməsi üçün geniş zəmin yaradır.

Son dövrlər Azərbaycan Televiziyasının əldə etdiyi uğurlardan biri də Azərbaycanda gənclərin sağlam ruhda böyümələrini, xüsusən də Dünya Olimpiya hərəkatında islahatçı Prezident imicini qazanan cənab İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğını peşəkar şəkildə xalqa təqdim etməsidir. Sevindirici haldır ki, bu gün Azərbaycan Televiziyası beynəlxalq idman yarışlarını, futbol üzrə Avropa və Dunya Çempionatlarının canlı yayım hüququnu əldə edib. Bu isə onu göstərir ki, Azərbaycan Televiziyası maddi-texniki bazasını müasir standartlara uyğun qurmaqla nəinki Azərbaycanda, o cümlədən, Cənubi Qafqazda teleinformasiya sahəsində liderliyi ələ alıb.

Bu ilin iyun ayında Azərbaycanda keçirilən Birinci Avropa Oyunlarının İdman Azərbaycan televiziyası vasitəsi ilə böyük peşəkarlıqla yayımlanması, hər bir idman oyununun mütəxəssislər tərəfindən dolğun şəkildə şərh edilməsi rəqabət bazarında birinciliyi əldən verməyən milli televiziyamızın prinsipal hədəfinə çevrilib. Burada müasir texnologiya ilə istedadlı gənclərin intellektual səviyyələrinin vəhdət təşkil etməsi də birmənalı olaraq Azərbaycan Televiziyası rəhbərliyinin bu sahədə böyük təcrübəsindən qaynaqlanır. Ümumiyyətlə, son dövrlər AzTV-də aparılan gəncləşdirmə siyasəti, verilişlərin yeni ruhda təqdim olunması, xəbərlər proqramının milli maraqlar çərçivəsində hazırlanması Vətən hüdudlarından kənarda yaşayan soydaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanır.

Milli mədəniyyətimizin, zəngin tariximizin, qədim adət-ənənələrimizin ayrıca xətt üzərində inkişaf etdirilməsi məqsədi ilə yaradılmış Mədəniyyət kanalı da rəngarəng verilişləri ilə xalqımızın milli-mənəvi dəyərlərinin daha da inkişaf etdirilməsini həyata keçirir. Xalqımızın qədim ozan sənətinin, müasir və klassik caz musiqisinin vaxtaşırı efirə verilməsi, görkəmli elm və mədəniyyət xadimlərimizin, Azərbaycanın dünya musiqi və ədəbiyyat xəzinəsinə bəxş etdiyi dahi korifeylərindən Nizami Gəncəvi, Məhəmmməd Füzuli, Nəsimi, Xəqani, Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov və neçə-neçə dəyərli şəxsiyyətlərimizin həyat və yaradıcılıqlarını özundə əks etdirən film və verilişlər təqdim etməsi onu göstərir ki, Azərbaycan Televiziyasında işləyən hər bir kəs tam gücünü xalqımızın milli-mənəvi irsinin təbliğinə yönəldib.

Bir sözlə, ümummilli liderimiz Heydər Əliyevin milli-mənəvi dəyərlərimizə, Azərbaycan ziyalılarına, elm və mədəniyyət korifeylərinə, zəngin tariximizə bəslədiyi yüksək diqqət və qayğı bu gün Azərbaycan Televiziyasında prinsipal xətt kimi qorunub saxlanılır. Mütəmadi olaraq, azərbaycanlı ziyalıların efir vasitəsilə fikirlərini bölüşmələri, mövcud problem və neqativ halların aradan qaldırılması üçün mülahizələrini söyləmələri isə onu göstərir ki, Azərbaycan Televiziyası bu gün xalqın güzgüsü olmaqla yanaşı, millətin sözünü deyən tribuna rolunu oynayır..

Bu gün dünyanın müxtəlif ölkələrində yaşayan 50-milyondan çox soydaşımızın ən ağrılı dərdi torpaqlarımızın işğal altında olmasıdır. Son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdirilərək qüdrətli dövlətə çevrilməsi, xəyanətkar Ermənistanın bölgədə həyata keçirilən böyük iqtisadi layihələrdən kənarda saxlanılması tezliklə bu problemin də Azərbaycanın xeyrinə həll olunacağından xəbər verir. Bu istiqamətdə Azərbaycan Televiziyasında hərbi vətənpərvərlik ruhunda hazırlanan verilişlər, günü-gündən Milli Ordumuzun qüdrətinin artmasını özündə əks etdirən video materialların təqdim edilməsi bir çox ölkələrdə olduğu kimi, Ukraynada yaşayan soydaşlarımıza da böyük ruh yüksəkliyi bəxş edir.

İşçilərinin 80-85%-i yaradıcı insanlardan olan böyük bir kollektivi idarə etmək o qədər də asan məsələ deyil. Burada səmimi yaradıcılıq mühitini qoruyub saxlamaq, hər insanla öz dilində danışmaq bacarığı, əsasən də, xalqın milli ruhuna uyğun məhsul ortaya çıxarmaq rəhbər işçidən böyük orkestri idarə edən dirijor məharəti tələb edir. Bu baxımdan böyük bir kollektivdə əsl yaradıcılıq mühiti yaradaraq daima xalqımızın ruhuna uyğun verilişlər təqdim edən Azərbaycan Teleradio Verilişləri QSC-nin sədri Arif Alışanovun rəhbərlik bacarığı hər evin telegüzgüsündə öz əksini tapır. Fürsətdən istifadə edib Azərbaycan Televiziyasının rəhbərliyinə və yaradıcı kollektivinə Ukraynada yaşayan soydaşlarımız adından dərin minnətdarlığımı bildirir, AzTV ailəsinə yeni-yeni yaradıcılıq uğurları arzulayıram.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti