...

"Gənc istedadlar" liseyində Bilik günü (FOTO)

Cəmiyyət Materials 15 Sentyabr 2015 14:53 (UTC +04:00)
Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyində Bilik günü keçirilib.
"Gənc istedadlar" liseyində Bilik günü (FOTO)

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində Bilik günü keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, BDU-nun rektoru, akademik Abel Məhərrəmov Bilik günü tədbir iştirakçılarını təbrik edib, liseyin qazandığı uğurlardan danışıb. Rektor liseyi bu il bitirən məzunların nüfuzlu ali məktəblərə qəbul olduğunu, onlardan 16-nın 600-dən yuxarı bal topladıqlarını, 4 nəfərin qızıl medala layiq görüldüklərini diqqətə çatdırıb. "Gənc istedadlar" liseyinin 2012-2013-cü tədris ilində Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qaliblərindən biri olduğunu deyən rektor bu il liseyin 5-ci sinfinə qəbul olmuş şagirdlərin də etimadı doğruldacaqlarının, universitetə şərəf gətirəcəklərinə ümid etdiyini bildirib.

Yeni dərs ilinin başlanması münasibətilə təbriklərini çatdıran liseyin direktoru, professor Qasım Hüseynov lisey şagirdlərinin 2012-ci ildə Astana və 2013-cü ildə Daşkənd şəhərlərində keçirilmiş Beynəlxalq Mendeleyev Olimpiadasında, 2013-cü ildə Moskvada keçirilmiş Məktəblilərin Ümumdünya Kimya Olimpiadasında, 2011, 2013 və 2014-cü illərdə Bakıda keçirilmiş Ətraf Mühitin Mühafizəsi Beynəlxalq Layihə Olimpiadasında qaliblər sırasında olduğunu vurğulayıb. Son dörd ildə Bakıda keçirilən "Sabahın alimləri" Respublika müsabiqələrində I yerə layiq görülmüş şagirdlərdən 8 nəfərinin 2012, 2013, 2014 və 2015-ci illərdə ABŞ-da keçirilən Beynəlxalq müsabiqədə ölkəmizi təmsil etdiklərini qeyd edib. Tədbirin sonunda 2014-2015-ci tədris ilinin ilk zəngi səslənib.

Qeyd edək ki, 2007-ci ildən BDU nəzdində fəaliyyət göstərən "Gənc istedadlar" liseyində tədris Azərbaycan və rus dillərində aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti