...

Dağ yəhudiləri Yeni 5776-cı ili təmtəraqla qeyd etdi

Cəmiyyət Materials 16 Sentyabr 2015 15:45 (UTC +04:00)
Bakıdakı Dağ yəhudiləri icmasının və qonaqların iştirakı ilə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı – “Roş-Ha-Şana” münasibəti ilə bayram tədbiri keçirilib.
Dağ yəhudiləri Yeni 5776-cı ili təmtəraqla qeyd etdi

Azərbaycan, Bakı, 16 sentyabr /Trend/

Bakıdakı Dağ yəhudiləri icmasının və qonaqların iştirakı ilə dünya yəhudilərinin qeyd etdiyi Yeni il bayramı - "Roş-Ha-Şana" münasibəti ilə bayram tədbiri keçirilib. Dünya yəhudiləri özündə yeniliyi, mənəvi saflığı və həmrəyliyi təcəssüm etdirən "Roş-Ha-Şana" bayramını sentyabrın 13-də (Yəhudi təqviminə görə yeni 5776-cı il) qeyd edib.

Trend xəbər verir ki, yəhudi təqviminə görə dəyişən və əsasən hər il sentyabr ayına təsadüf edən "Roş-Ha-Şana" bayramı 2 gün ərzində müqəddəs Şabatda (yəhudilərin istirahət və ibadət etdiyi Şənbə günü) olduğu kimi təmtəraqla keçirilib. "Roş-Ha-Şana" bayramı günü bütün yəhudilər sinaqoqda ibadət edir, bayram səhəri isə hamı bir-birini bayram münasibəti ilə təbrik edir. Bakıdakı bayram gecəsində 200-dən artıq icmanın üzvləri və qonaqlar iştirak etmişlər.

Dağ yəhudiləri sinaqoqunda keçirilən bayram tədbirində çıxış edən Bakıdakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təbrikini oxuyub. Təbrikdə dövlət başçısı - Azərbaycanın yəhudi icmasını Yeni il bayramı - "Roş-Ha-Şana" münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi yetirir.

Təbrikdə qeyd edilir ki, yəhudi icması ölkəmizin ictimai-siyasi və mədəni həyatında özünəməxsus koloriti ilə seçilir və hazırda Azərbaycanda gedən böyük tərəqqi və inkişaf prosesində, vətəndaş cəmiyyəti quruculuğunda fəal mövqe nümayiş etdirir.

Təbrikin sonunda bildirilir ki, hər il Azərbaycanda böyük təntənə ilə qeyd edilən "Roş-Ha-Şana" bayramı yeniliyi, mənəvi saflığı, xeyirxahlıq və həmrəylik duyğularını təcəssüm etdirir.

Bakıdakı Dağ yəhudiləri sinaqoqunun ravvini Avraam Yaqubovun sözlərinə görə, yeni ilin şirin keçməsi üçün almanı bala batırıb yeyirlər . Bayram süfrəsində məhz bu gün üçün nəzərdə tutulan müxtəlif ərzaq növləri olur. Süfrəyə üzüm şirəsi, göy-göyərti, bal, nar, alma, xurma, qızardılmış balıq qoyulur. Süfrə ətrafındakılara paylanan nar dənələri isə insanların çoxalması arzusu ilə izah edilir.

A.Yaqubov sözünə davam edərək qeyd edib ki, "Roş - Ha-Şana" insanları günah əməllərdən çəkinməyə, Tanrıya ibadət etməklə mənəvi saflığa qovuşmağa çağıran bir mərasimdir. Bu mərasim yeni ilin ilk 10 günü ərzində keçirilir. Bu günlər ərzində Tanrı insanlara imkan verir ki, onlar etdikləri hərəkətləri düşünsün, pis əməllərdən həmişəlik əl çəksin. Yeni ilin gəlişi ilə bağlı icra olunan dini ayinlər qoç buynuzundan hazırlanan şeypurun (Şofar) bir neçə dəfə səsləndirilməsi ilə yekunlaşır. Günahlara həmişəlik tövbə etmək mənasını ifadə edən bayram "Yom-Kippur" adlanır. "Roş -Ha -Şana" bayramından 10 gün sonra qeyd olunan "Yom-Kippur" oruc tutmaqla müşayət olunur.

Qeyd etmək lazımdır ki, artıq dördüncü ildir ki, Bakıdakı Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayevin təşəbbüsü və təşkilatçılığı ilə icmanın üzvlərinə müxtəlif ərzaq çeşidlərindən ibarət bayram sovqatları paylanılır. Bu il də "Roş-Ha-Şana" bayramı ərəfəsində 300 ailəyə bayram paketi (şam,düyü, qənd, yağ, çay, bal, yumurta, alma, koşer toyuğu) təqdim olunub.

Bayram toplantısında İsrail Dövlətinin Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Dan Stav, Milli Məclisin üzvü Yevda Abramov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Əliheydər Zülfüqarov, Qafqaz Müsəlmanları İdarəsinin işlər müdiri Simnar Həsənov, Rus Pravoslav Kilsəsinin Bakı Eparxiyasının nümayəndəsi Mefodi ata, İcmanın fəal dostu Firdovsi Sadıqov və digər qonaqlar iştirak etmişlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti