...

İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı xeyli azalıb (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2015 17:27 (UTC +04:00)
Dövlət Əmək Müfəttişliyi Xidməti “Təhlükəsiz iş aylığı” çərçivəsində 22 rayonun işəgötürənlərinin iştirakı ilə “Açıq qapı” günü keçirib.
İstehsalatla əlaqəli bədbəxt hadisələrin sayı xeyli azalıb (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) Şirvan şəhərində nazirliyin 9, 10, 11, 14, 15 və 16 saylı regionlar üzrə Dövlət Əmək müfəttişliklərinin nümayəndələrinin və ümumilikdə 22 rayonun işəgötürənlərinin iştirakı ilə "Açıq qapı" günü-vətəndaş forumu keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, "Təhlükəsiz iş aylığı" çərçivəsində keçirilən tədbir istehsalat qəzası riski yüksək olan iş yerlərində, o cümlədən avtoservis məntəqələrində əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə işəgötürənlərin maarifləndirilməsi, onların bu məsələyə diqqətinin artırılması məqsədinə xidmət edib.

Tədbirdə DƏMX-nin mütəxəssisləri ölkəmizdə çoxsaylı yeni müəssisələrin, iş yerlərinin açıldığı şəraitdə iş yerlərində sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması məsələsinin də aktuallaşdığını diqqətə çatdırıblar. Xidmətin həyata keçirdiyi dövlət nəzarətinin mühüm bir istiqamətinin iş yerlərində əməyin mühafizəsinin təşkilinə yönəldiyi və bu sahəyə nəzarətin daim gücləndiyi bildirilib. Qeyd olunub ki, hələ ötən ilin sentyabrında ölkəmizdə "Təhlükəsiz iş həftəsi", cari ilin yanvar-fevral aylarında "Təhlükəsiz iş ongünlüyü", aprel ayında "Təhlükəsiz iş aylığı" keçirilib. Bu tədbirlər çərçivəsində istehsalat qəzası riski yüksək olan müəssisələrdə əməyin mühafizəsi vəziyyəti yerindəcə araşdırılaraq, aşkar olunan nöqsanlar aradan qaldırılıb. Həmçinin işəgötürənlərin və işçilərin müvafiq mövzu ilə bağlı dolğun şəkildə məlumatlandırılması təmin olunub. Hazırda da "Təhlükəsiz iş aylığı" üzrə müvafiq Tədbirlər planı əsasında bu istiqamətdə işlər davam etdirilir.

Vurğulanıb ki, görülən işlərin müsbət nəticəsi kimi, ölkəmizdə istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı azalır. Təkcə cari ilin cari ilin yanvar-avqust aylarında istehsalatla əlaqəli bədbəxt hadisələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 33,3 faiz azalaraq 141-dən 94-ə, o cümlədən qrup halında baş verən belə hadisələrin sayı 90,4 faiz azalaraq 21-dən 2-yə enib. Habelə bu ilin 8 ayında istehsalatla əlaqəli bədbəxt hadisələr nəticəsində xəsarət alanların sayında 38,3 faiz azalma özünü göstərib. Tədbirdə DƏMX-in mütəxəssisləri tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları, norma və standartları barədə ətraflı məlumatlar, praktik bilgilər, izahatlar verilib, işəgötürənlərin iş yerlərində, habelə istehsalat qəzası riskinin yüksək olduğu avtoservis müəssisələrində əməyin mühafizəsinin təşkili ilə bağlı sualları ətraflı cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti