...

Səlim Müslümov Göygöldə 6 rayonun sakinləri ilə görüşüb

Cəmiyyət Materials 23 Sentyabr 2015 11:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Göygöl rayonunda 6 şəhər və rayonun sakinləri ilə görüşüb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Göygöl rayon Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında həmin rayonun və Gəncə şəhərinin, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.

Vətəndaşların müraciətləri bərpa müalicəsinə və məşğulluğun təminatına köməklik, mənzil və minik avtomobili ilə təmin olunma, imtiyazlı şəxslərə sanator-kurort göndərişinin verilməsi və digər məsələlərə aid olub. S.Müslümov müraciətlərdə qaldırılan məsələlərin diqqətlə araşdırılaraq cavablandırılması, ayrı-ayrı şəxslərin problemlərinin yerindəcə həllini tapması üçün mümkün tədbirlərin görülməsi, bir sıra vətəndaşlara və ailə üzvlərinə onlar üçün münasib olan iş yerlərinə göndərişlərin və qanunvericilikdə nəzərə tutulan qaydada imtiyazlı insanlara sanator-kurort (putyovka) yollayışlarının verilməsi və s. barədə tapşırıqlar verib.

Bərpa müalicəsinə köməklik göstərilməsi ilə bağlı müraciətləri cavablandırarkən S.Müslümov vurğulayıb ki, bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyevin iştirakı ilə yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində Cənubi Qafqazda analoqu olmayan bir müəssisədir: "Möhtərəm dövlət başçımızın əlilliyi olan şəxslərə böyük diqqət və qayğısının daha bir göstəricisi kimi ən yüksək səviyyədə şəraitin yaradıldığı mərkəz il ərzində 1000 nəfərdən çox müvafiq şəxsə müasir tibbi-fizioterapevtik aparatlarla və səmərəli reabilitasiya üsulları ilə xidmət göstərməyə imkan verəcək. Hazırda nazirliyin digər bir sıra bərpa-müalicə müəssisələrində, o cümlədən Uşaq Bərpa Mərkəzində də müasir tələblərə uyğun şəraitin yaradılması işləri aparılır".

Nazir bildirib ki, bütün sosial proqramlar kimi, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərin minik avtomobili ilə təminatı işləri də yüksələn xətlə davam etdirilir: "Respublikada həyata keçirilən uğurlu sosial inkişaf kursunun bir göstəricisidir ki, biz artıq cari il ərzində növbəyə dayanan şəxsləri "Naz-LİFAN" markalı avtomobillə təmin edirik. İlin sonunadək 400 avtomobilin alınması üçün müvafiq vəsait köçürülüb və onlardan artıq 100 ədədi bu günlərdə təqdim olundu, qalan hissəsi də yaxın aylar ərzində qeyd olunan təbəqədən olanlara veriləcək".

Müharibə əlilləri və şəhid ailələri üçün mənzil tikintisi işlərinin də uğurla aparıldığını diqqətə çatdıran S.Müslümov respublikanın bölgələrində tikintisi aparılan fərdi evlərin artıq istifadəyə verilməsinə başlandığını, Gəncə şəhərində, Göygöl, Samux, Daşkəsən, Tərtər rayonlarında da fərdi evlərin inşa edildiyini bildirib.

Bir sıra şəxslərin ünvanlı dövlət sosial yardımı almaq hüquqlarının araşdırılaraq müəyyən olunması, habelə əlillik müayinələrinə cəlb olunaraq müvafiq qərar qəbul olunması barədə göstərişlər verilib.

Qəbula gələn sakinlər müharibə əlilləri və şəhid ailələri üçün yeni yaşayış evlərinin inşasına, imtiyazlı şəxslərin avtomobillə təminatının sürətləndirilməsinə, ümumən sosial cəhətdən həssas əhali qruplarının təminatının gücləndirilməsinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qəbul zamanı ayrı-ayrı müraciətlər nazirliyin fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı olduğundan onlar aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti