...

Vaqif Sultanlının "Ölüm yuxusu" kitabı Danimarkada nəşr olunub

Cəmiyyət Materials 30 Sentyabr 2015 15:02 (UTC +04:00)
Bu günlərdə Vaqif Sultanlının "Ölüm yuxusu" ("The Dream of Death") adlı kitabı Danimarkada (Helsinge, 2015) ingiliscə təkrar nəşr olunub.
Vaqif Sultanlının "Ölüm yuxusu" kitabı Danimarkada nəşr olunub

Azərbaycan, Bakı, 30 sentyabr /Trend/

Bu günlərdə Vaqif Sultanlının "Ölüm yuxusu" ("The Dream of Death") adlı kitabı Danimarkada (Helsinge, 2015) ingiliscə təkrar nəşr olunub.

Yazıçının eyniadlı povestinin, müxtəlif illərdə qələmə aldığı hekayələrinin daxil edildiyi kitab tanınmış Danimarka yazıçısı və esseisti Annemarie Skjold və professor Tamara Draqadzenin redaktəsi ilə nəşr edilib.

İlk dəfə 2014-cü ilin sonlarında oxuculara təqdim olunan kitabın təkrar nəşri Whyte Traks Publishing (Danimarka) və Cambridge Scholars Publishing (Böyük Britaniya) nəşriy­yatlarının birgə səyi ilə gerçəkləşdirilib.

Qeyd edək ki, bu, Vaqif Sultanlının ingilisdilli oxuculara təqdim olunan ilk kitabı deyil. Belə ki, yazıçının roman və hekayələrdən ibarət olan "İnsan dənizi", "Ölüm yuxusu", "Tərs axın", "İlan əfsanəsi" kitabları İngiltərə və Amerikada nəşr olunmuş, habelə onun tərtibatında (Dr.İrəc İsmaeli ilə birlikdə) "Müasir Azərbaycan nəsri" (Modern Azerbaijanian Prose, 2012) və "Müasir Azərbaycan qadın nəsri" (Modern Azerbaijani Women's Prose, 2014) antolo­giyaları ABŞ oxucularına təqdim edilib.

Müəllifin bədii yaradıcılığında xüsusi yer tutan, real və şərti-metaforik üslubun qovuşuğunda qələmə alınmış "Ölüm yuxusu" povestində təsvir obyekti kimi seçilən yolun çəkilişi fonunda məzarlığın köçürülməsi problemi cəmiyyət həyatında baş verən ciddi xaos, çaxnaşma kimi canlandırılır. Təsvir olunan hadisələrin xaos kontekstində təqdimi obrazların xarakter cizgilərini, mənəvi dünyasının gizli çalarlarını bütün yönlərilə aşkarlamağa imkan verir.

Vaqif Sultanlının "Ölüm yuxusu" kitabına daxil edilmiş "Yarpaqsız budaqların yaşıl nəşməsi" və "Tərs axın" hekayələri özünə­məxsus, orijinal, bənzərsiz yazı tərzi ilə seçilməkdədir. Yazıçı qələmə aldığı hekayələrdə mənsub olduğu ictimai mühitin əsirinə çevrilən insanların həyəcan, sarsıntı və qayğılarını əks etdirməyə çalışmışdır.

"Ölüm yuxusu" kitabına daxil edilən povest və hekayələri birləşdirən ümumi cəhət onların daxili-mənəvi ovqata köklənərək qələmə alınması, mövzu-problematika baxımından aktuallıq kəsb etməsi, cəmiyyətdə özünü göstərən özgələşmə, yaddaşsızlaşma, biganələşmə probleminə etiraz motivləri ilə seçilməsidir. Kitabı sifarişlə www.amazon.com, www.whytetracks.eu.com, www.cambridgescholars.com, www.waterstones.com, www.books.google.com, www.barnesandnoble.com və başqa saytlardan əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti