...

Bu ilin 9 ayında Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 16,7 faiz azalıb

Cəmiyyət Materials 13 Oktyabr 2015 14:41 (UTC +04:00)
Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 16,7 faiz azalıb.
Bu ilin 9 ayında Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 16,7 faiz azalıb

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda ünvanlı sosial yardım alanların sayı 16,7 faiz azalıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, ölkədə bütün sosial proqramlar kimi, aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsinə yönələn ünvanlı dövlət sosial yardım proqramı da uğurla davam etdirilir.

Cari ilin yanvar-sentyabr aylarında 498 min nəfər ailə üzvünü əhatə edən 114050 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilib.

Həmin yardımları alan ailələrin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,7 faiz azalıb ki, bu da əhalinin rifah səviyyəsinin getdikcə yaxşılaşması ilə yanaşı, sosial yardımların təyinatında şəffaflıq və ünvanlılıq, sosial ədalət prinsiplərinin təmin olunması üçün görülən təsirli tədbirlərin müsbət nəticəsidir. Aztəminatlı ailələrə ödənilən yardımların məbləği isə artmaqda davam edir. Hazırda ölkədə ünvanlı dövlət sosial yardımının bir ailəyə düşən orta aylıq məbləği 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artaraq 153,18 manata çatıb.

Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə 18 yaşadək ailə üzvlərinin sayı 237351 nəfər, o cümlədən 1 yaşadək uşaqların sayı 5726 nəfər və sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5533 nəfərdir. Bu yardımları alan ailələrin 32558-i tərkibində 3 və daha çox uşağı olanlardır.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin 16 mart 2015-ci il tarixli Sərəncamına əsasən, həmin vaxtdan etibarən ünvanlı dövlət sosial yardımları artıq bir il deyil, iki illik müddətə təyin olunur ki, bu da aztəminatlı ailələrin təkrar olaraq ünvanlı yardım almaq üçün hər il yenidən sənəd toplamaq çətinliyinin aradan qalxmasına, yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının azalmasına imkan verib.

Habelə, dövlət başçısının 23 fevral 2015-ci il tarixli Fərmanının icrası olaraq, ötən müddətdə Azərbaycanda ünvanlı dövlət sosial yardım sisteminin elektron əsaslar üzərində avtomatlaşdırılması uçun mükəmməl proqram təminatlarına söykənən texniki infrastruktur və bu sistemə keçidlə əlaqədar yeni qaydalar hazırlanıb.

Ünvanlı yardım üçün müraciət edilməsi, müraciətlər üzrə aztəminatlı ailələrin ünvanlı yardım almaq hüquqlarına baxılması və yardımın təyin olunub-olunmaması barədə qərar qəbulu prosesi vətəndaş-məmur təmasları olmadan, elektron qaydada həyata keçiriləcək.

Yaxın vaxtlarda ölkəmizə məxsus olan və neqativ hallara şəraitin mümkün olmadığı belə bir sistemin tətbiq olunması nəticəsində vətəndaşlar bu yardım növü üzrə sürətli, rahat və şəffaf xidmətə geniş çıxış imkanları əldə edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti