Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir Elmir Murad/
Azərbaycan Gənclər və İdman Nazirliyi "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrasının nəticələri ilə bağlı cəmiyyətə hesabat xarakterli məlumat verəcək. Bunu Trend-ə Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.
O, qeyd edib ki, Dövlət Proqramı uğurla yerinə yetirilib, nailiyyətlər əldə edilib: "Proqram çərçivəsində Azərbaycan Prezidenti yanında Gənclər Fondu fəaliyyətə başlayıb və kifayət qədər uğurlu fəaliyyət göstərir. Gənclər üçün Prezident təqaüdü təsis edilib. Gənclər üçün kadr məlumat bankı yaradılıb. Dövlət Proqramında nəzərdə tutulan digər vəzifələr də uğurla icra olunub".
İ.Babayev 2016-2020-ci illərdə gənclərlə bağlı yeni Dövlət Proqramının da artıq hazırlandığını deyib: "Yeni proqramla da bağlı yaxınlarda ictimaiyyətə geniş məlumat veriləcək".