...

BDU-da SABAH-ın müəllimlərinə sertifikatlar verilib (FOTO)

Cəmiyyət Materials 23 Oktyabr 2015 16:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 oktyabr /Trend/

Bakı Dövlət Universitetində (BDU) ali təhsil müəssisələrinin SABAH qruplarının müəllimləri üçün təşkil edilən 8 günlük təlim sona çatıb.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən rektor akademik Abel Məhərrəmov Fransa Respublikasının Azərbaycandakı səfiri Paskal Mönyeni diplomatik missiyasının başa çatması ərəfəsində yenidən universitetdə görməkdən məmnunluğunu ifadə edib. Səfirin ölkəmizdəki fəaliyyəti dövründə Fransa universitetləri ilə əməkdaşlığın qurulmasına, ümumilikdə təhsil sahəsində əlaqələrin inkişafına göstərdiyi dəstəyə görə təşəkkür edib.

A.Məhərrəmov Paris Sorbon Universitetinin (Abu Dabi) mütəxəssisləri tərəfindən "Ünsiyyət və beynəlmiləlləşmə" mövzusunda keçirilən təlimin əhəmiyyətindən danışıb, onun iştirakçıların müasir tədris metodları üzrə peşəkarlıq səviyyəsinin və kvalifikasiyasının artırılmasına, o cümlədən SABAH qruplarında təhsilin daha da keyfiyyətli təşkilinə müsbət təsir edəcəyinə əminliyini bildirib.

Fransa Respublikasının Azərbaycandakı səfiri P.Mönye, öz növbəsində, BDU-da olmağından məmnunluğunu ifadə edərək Fransa və Azərbaycan arasında təhsil sahəsindəki münasibətlərin inkişafından danışıb. Tədbir barədə rektorla həmfikir olduğunu söyləyən P.Mönye səfirliyin Paris Sorbon Universitetinin fəaliyyətini, o cümlədən Azərbaycan universitetləri ilə əməkdaşlığını dəstəklədiyini də əlavə edib.

Sonra təlimi əks etdirən qısametrajlı film nümayiş olunub, iştirakçılara sertifikatlar verilib. Sonda səfir P.Mönyeyə universitetin xatirə hədiyyələri təqdim edilib.

Qeyd edək ki, tədbirdə Fransa səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Yohan Şiterer, Təhsil Nazirliyi SABAH qrupları İcra Komitəsinin rəhbəri Elçin Ağakişiyev, Paris Sorbon Universitetinin (Abu Dabi) postsovet ölkələri üzrə müşaviri İmran Muxtarov da iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti