Azərbaycan, Bakı, 30 oktyabr /Trend/
Daim yenilikləri ilə fərqlənən "Lider" televiziyası yeni layihəyə imza atır. Saat 19:00-da başlayan xəbər buraxılışı indiyədək 1 saat efirdə olub. Azərbaycandan və dünyadan ən son xəbərlər, maraqlı reportajlar tamaşaçıların diqqətinə çatdırılıb. Noyabrın 2-dən etibarən isə ana xəbər buraxılışı üçün ayrılan efir vaxtı 2 saatadək artırılıb.
Xəbər buraxılışında Azərbaycandan və dünyadan siyasi, iqtisadi və idman xəbərləri ayrı-ayrı rubrikalarla təqdim olunmaqla yanaşı, yeniləri də əlavə olunacaq. "Səda-Region", "Səda-Texnologiya", "Səda-Mədəniyyət" və "Səda-Dünya mədəniyyəti" xəbər marafonunun yeni rubrikaları olacaq. Yeniliklər və bu günə qədər olan "Şərh","Ekonomiks" ,"Səda İdman", "Səda Hava" kimi rubrikaların sayəsində "Səda"nın saat 19:00-a olan əsas xəbər buraxılışında verilən xəbərlərin sayı 2 dəfədən çox artırılacaq. Kəmiyyətlə yanaşı, keyfiyyət də diqqət mərkəzində saxlanılacaq. Baş verən ölkə və dünya miqyaslı hadisələrlə bağlı daha çox yanaşmalar və reaksiyalar təqdim olunacaq ki, bu da tamaşaçılara prosesləri maksimum dərəcədə obyektiv qavramağa imkan verəcək. Bununla yanaşı, müxtəlif problemlərlə bağlı araşdırmalar geniş miqyasda aparılacaq, hər bir detal ətraflı işıqlandırılacaq.
Qeyd edək ki, "Səda"nın saat 13:00 buraxılışında da xəbər marafonu təqdim olunur. Burada ölkə xəbərlərindən başqa, "Səda-Dünya", "Səda-İdman", "Ekonomiks", "Texnopark", "Bəyəndim" və "Mozaika" rubrikalarında müxtəlif sahələri əhatə edən xəbərlər çatdırılır.
Efir vaxtının 2 saatadək artırılması tamaşaçılara daha çox və daha zəngin xəbərlər çatdırmağa imkan verəcək. "Lider" televiziyası "Səda"nın ana xəbər buraxılışında xəbər marafonu təqdim etməklə, tamaşaçıların operativ və dəqiq xəbərlərə olan ehtiyacını ödəməyi qarşısına məqsəd qoyub.Teleməkanda ana xəbərinin zaman tezliyinə görə ilk, yəni digərlərindən daha tez başlaması da üstünlüklərdən biridir. Çünki bu münvalla biz sizə hadisələri daha tez çatdırır, ölkədə və dünyada istənilən sahələrdə baş verən xəbərlərdən sizləri daha öncə xəbərdar edirik.
Beləliklə, həftə içi hər gün saat 19:00-da "Səda"da xəbər marafonunu diqqətdən qaçırmayın.