...

Azərbaycanın sürüşmə zonalarında vəziyyət gərginləşib

Cəmiyyət Materials 10 Noyabr 2015 15:46 (UTC +04:00)
Yeni sürüşmə ocaqları yaranıb.
Azərbaycanın sürüşmə zonalarında vəziyyət gərginləşib

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Son günlər yağan leysan yağışlarla əlaqədar Azərbaycanın cənub zonasındakı sürüşmə sahələrində vəziyyət gərginləşib, yeni sürüşmə ocaqları yaranıb.

Bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib.

Onun sözlərinə görə, sel sularının təsiri nəticəsində Lənkəran-Astara zonasında vəziyyət gərginləşib: "Ətraf əraziləri su basdığından əməkdaşlar sürüşmə ocaqlarında da tədqiqat işi apara bilməyiblər".

Ə.Piriyev bildirib ki, Lənkəran rayonunda sürüşmə sahələrinin əhatə dairəsi daha geniş olub. Rayonunun Gərgivan kəndi ərazisində 20 yerdə, Biləsər kəndində 2 yerdə, Osaküçə kəndində 1 yerdə , Bəliton kəndində 5-6 yerdə, Horavenç kəndində 1 yerdə, Girdəni kəndinin çay dərəsində 4-5 yerdə, Köhnəqəqir kəndində 2 yerdə yeni sürüşmə sahələri yaranıb. Nəticədə bır çox evlərə ziyan dəyib.

Lerik rayonunda Bradi, Züvüc, Molalan, Dastel kəndlərinin hər birində 2 sürüşmə hadisəsi baş verib. Eyni zamanda Masallı rayonunda Köhnə Zivənd yolu sürüşməyə məruz qalıb. Masallının Ərkivan, İsgəndərli, Sığdaş kəndlərində çökmə hadisələri baş verib. Masallı rayonun özündə də çökmə hadisəsi qeydə alınıb.

Qeyd edək ki, noyabrın 7-dən 10-dək Lənkəran-Astara zonasında güclü yağış yağıb. Düşən yağıntının miqdarı Lənkəran-Astara zonasında 69-122 mm olub ki, bu da aylıq normanın 44-72 faizini təşkil edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti