...

"Heydər Əliyev və Azərbaycan tarixi" adlı II Ümumrespublika Bilik Yarışı keçirilib (FOTO)

Cəmiyyət Materials 10 Noyabr 2015 17:12 (UTC +04:00)
Bu gün Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II Ümumrespublika Bilik Yarışı keçirilib.
"Heydər Əliyev və Azərbaycan tarixi" adlı II Ümumrespublika Bilik Yarışı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bu gün Heydər Əliyev Mərkəzində tələbələr arasında "Heydər Əliyev və Azərbaycan tarixi" adlı II Ümumrespublika Bilik Yarışı keçirilib.

Trend-in məlumatına görə, yarışda ölkənin ali təhsil müəssisələrində bakalavr və magistr pilləsi üzrə təhsil alan tələbələrdən ibarət komandalar iştirak edib. Hər ali məktəbdən bir komanda olmaqla, yarışda ümumilikdə 46 komanda mübarizə aparıb. Hər komandada 6 əsas və 2 ehtiyat iştirakçı olub.

Yarış 3 turda keçirilib və turun hər birində 12 sual səsləndirilib. Suallar Ulu Öndər Heydər Əliyevin uşaqlıq və gənclik, dövlət təhlükəsizlik orqanlarında və Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsində çalışdığı illər, siyasi fəaliyyətinin Moskva və Naxçıvan dövrü, eləcə də Ümummilli Liderin müstəqil Azərbaycana rəhbərlik etdiyi illərlə bağlı mövzuları əhatə edib.

Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və gənc nəsil arasında təbliği, eyni zamanda gənc nəslin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır.

Yarışın münsiflər heyətinin üzvü, Heydər Əliyev Mərkəzinin Heydər Əliyev irsinin tədqiqi və elmi araşdırmalar departamentinin direktoru Məhəbbət Mehdiyeva Trend-ə bildirib ki, bu yarışlar tələbələrə Heydər Əliyev irsi haqqında daha geniş biliyə yiyələnmək imkanı verir.

M.Mehdiyeva vurğulayıb ki, ötən il keçirilən yarışma ilə bu il keçirilən yarışmanı müqayisə etdikdə xeyli irəliləyiş müşahidə olunur: "Tələbələr daha da fəallaşıblar, Ümummilli Liderin isrini daha geniş öyrənməyə çalışırlar. Bizim də məqsədimiz məhz budur".

Yarışın münsiflər heyətinin digər üzvü, Təhsil Nazirliyinin Elm və ali təhsil şöbəsinin müdir müavini Natiq İbrahimov isə Trend-ə bildirib ki, bu cür yarışlar Heydər Əliyev irsini təbliğ etməklə yanaşı, gənclərin vətənpərvər ruhda tərbiyə edilməsinə də müsbət təsir göstərir: "Bu yarışma, eyni zamanda gənclərin hərtərəfli inkişafı, onların bu cür yarışlara hazırlıqlarının və bilik səviyyələrinin artması üçün geniş imkanlar yaradır".

Yarışda iştirak edən tələbələr də bu cür bilik yarışlarının onların yeni biliklər əldə etməsinə geniş imkanlar açdığnı bildiriblər.

Yarışda iştirak edən Azərbaycan Ali Hərbi Dənizçilik Məktəbinin kursantı Elçin Teymurov hesab edir ki, bu yarışma Heydər Əliyevin irsinin öyrənilməsi və gənclərə çatdırılmasında mühüm rol oynayır: "Bu yarışma gənclərin ümumi bilik səviyyəsinin artmasında da müsbət təsir göstərir. Çünki bu yarışmada mədəniyyət, tarix və digər sahələrdə suallar tərtib olunur. Yarışa hazırlaşarkən elmi araşdırmalar aparırıq ki, bu da bizə yeni biliklər qazanmağa imkan verir".

Yarışda iştirak edən Gəncə Dövlət Universitetinin tələbəsi Günay Məmmədova da yarış çərçivəsində yeni bilik və təcrübə qazandığını deyib. O bildirib ki, bu yarışma müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin irsi haqqında geniş bilik əldə etməyə imkan verir: "Bu yarışma, eyni zamanda gənclərin ümumi biliyini və dünyagörüşünü artırır, bu cür yarışlarda öz biliklərini daha çevik şəkildə ifadə etmək təcrübəsi qazanmalarına imkan verir. Bu yarışma çərçivəsində qazandığımız biliklər gələcəkdə Azərbaycanı hər hansı xarici ölkədə təmsil edərkən ölkəmizin tarixi və mədəniyyəti, dahi şəxsiyyətləri haqqında daha ətraflı məlumat verməyə imkan verəcək".

Yarışın sonunda turlar üzrə qazanılmış ümumi xallar əsasında qalib komandalar müəyyən edilib. Gərgin mübarizə şəraitində keçən yarışmada birinci yeri 44 xalla Qafqaz Universitetinin komandası tutub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 42 xalla Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasının komandası və 41 xalla Lənkəran Dövlət Universitetinin komandası tutub.

Qalib komandalar mükafatlandırılıb. Yarışda iştirak edən digər komandalara da sertifikatlar təqdim edilib.

Xatırladaq ki, Lənkəran Dövlət Universitetinin komandası "Heydər Əliyev və Azərbaycan tarixi" adlı I Ümumrespublika Bilik Yarışında da üçüncü yeri tutmuşdu.

Qeyd edək ki, yarış ərəfəsində hazırlıq məqsədilə bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr bu ziyarətlər zamanı Mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyi ilə tanış olub, Ümummilli Liderin həyat və fəaliyyətinə dair məlumatlar əldə edib, foto və video ilə yanaşı, digər zəngin arxiv materialları əsasında araşdırma aparıblar.

Xatırladaq ki, Heydər Əliyev Mərkəzində "Heydər Əliyev və Azərbaycan tarixi" adlı I Ümumrespublika Bilik Yarışı 2014-cü il noyabrın 12-də keçirilib. Yarışda 44 ali məktəbin komandası iştirak edib. Bakı Slavyan Universiteti, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyası və Lənkəran Dövlət Universitetindən olan komandalar müvafiq olaraq birinci, ikinci və üçüncü yerləri qazanıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti