Bakı. İlhamə İsabalayeva - Trend:
Rusiya və Azərbaycan Ali Təhsil Müəssisələri Assosiasiyası yaradılacaq.
Trend-in məlumatına görə, bununla bağlı bu gün memorandum imzalanıb. Memorandumun imzalanması mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Azərbaycan və Rusiya arasında humanitar, elm və təhsil sahələrində əlaqələrin genişləndirilməsinin əhəmiyyəti haqqında danışıb.
Nazir bildirib ki, yeni qurumun yaradılması Rusiya və Azərbaycan arasında təhsil sahəsində qarşılıqlı təcrübə mübadiləsinə, birgə innovativ layihələrin reallaşmasına zəmin yaradacaq.
Rusiyanın təhsil və elm naziri Dmitri Livanov yeni yaradılacaq qurumun universitetlərarası əməkdaşlıq üçün yaxşı platforma olacağını söyləyib. Rusiyalı nazir bildirib ki, iki ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlıq ümumilikdə təhsilin keyfiyyətinə müsbət təsir edəcək.