Bakı. Elmir Murad - Trend:
Nardaranda baş vermiş son hadisələr xarici ölkələrin müəyyən dairələri tərəfindən ciddi şəkildə Azərbaycanda sabitliyi pozmaq, Azərbaycana siyasi təzyiqlər göstərmək üçün düşünülmüş bir aksiya idi. Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.
Millət vəklili qeyd edib ki, Azərbaycana qarşı bu cür münasibət göstərənlər bir məsələni unudublar: "Bu məsələdə bir yalnışlıq var. Onlar unudurlar ki, Azərbaycan artıq güclü bir dövlətdir və istənilən xarici təsirlərə adekvat cavab verməyə qadirdir. Azərbaycanın daxilində hər hansı ekstremist qruplaşmalar yaratmaq heç bir xarici qüvvəyə müyəssər olmayacaq".
B.Əliyev bildirib ki, Nardaranda baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının atdığı addımlar adekvat və düzgündür. O, hesab edir ki, hüquq-mühafizə orqanları bu cür məsələlərdə hər zaman kəskin şəkildə öz münasibətlərini bildirməlidir: "Azərbaycan xalqı bu cür pozucu hərəkətləri qətiyyətlə pisləyir, hüquq-mühafizə orqanlarının qanun çərçivəsində atdığı bu addımları alqışlayır".
O, əlavə edib ki, Azərbaycanda terrora münasibət aydındır. Azərbaycan özü terrordan həmişə əziyyət çəkir və terrora qarşı beynəxlaq aləmdə koalisiya şəklində mübarizə aparmaq iradəsinə malikdir: "Ona görə də hesab edirəm ki, Azərbaycan xalqı öz iradəsi və qətiyyəti ilə bu xarici dairələrə cavab verəcək. Bu işdə əli keçənlərin hamısı qanunun tələblərinə uyğun olaraq sərt şəkildə cəzalandırılmalıdır".