...

Əlverişsiz hava Lənkəranda qəzalı vəziyyətə düşən evlərə yenidən ziyan vurub

Cəmiyyət Materials 10 Dekabr 2015 17:37 (UTC +04:00)
Dekabrın əvvəlində yağan yağış Lənkəranda leysan zamanı qəzalı vəziyyətə düşən evlərə yenidən ziyan vurub.
Əlverişsiz hava Lənkəranda qəzalı vəziyyətə düşən evlərə yenidən ziyan vurub

Bakı. Elmir Murad - Trend:

Dekabrın əvvəlində yağan yağış Lənkəranda leysan zamanı qəzalı vəziyyətə düşən evlərə yenidən ziyan vurub. Bunu Trend-ə açıqlamasında Lənkəran Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Əlimərdan Əliyev deyib.

Onun sözlərinə görə, əlverişsiz hava şəraiti yaranmış fəsadları aradan qaldırmağı yubadır: "Lənkərana yağan birinci yağışın vurduğu ziyan bizim hesabımızla bu ayın əvvəlinə kimi aradan qaldırılmalı idi. Amma cənub zonasına yenidən yağışların yağması və əlverişsiz hava şəraiti əraziyə cəlb olunmuş ağır texnikaların və fəhlələrin işinə mane olur. Bu yaxınlarda Fövqəladə Hallar Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri yenə Lənkərana gələrək dəymiş ziyanı yerində araşdırıb aktlaşdırdılar. Hesab edirəm ki, dekabrın sonuna qədər bütün fəsadlar tam aradan qaldırılacaq".

Ə.Əliyev leysan zamanı evlərinə ziyan dəymiş ailələrdən yalnız 6-nın çadırda məskunlaşdığını, digərlərinin isə artıq öz evlərinə döndüklərini deyib.

Qeyd edək ki, oktyabrın 30-da Lənkəran da daxil olmaqla cənub zonasının bir sıra rayonlarında yağan leysan təsərrüfat və evlərə ciddi ziyan vurub. Cənub zonasında leysanın yaratdığı fəsadlar aradan qaldırılmamış bölgəyə noyabrın 10-u və dekabrın 3-də də güclü yağışlar yağıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti