Bakı. Samir Əli - Trend:
Yanvarın 25-də Bakının Suraxanı rayonu ərazisində itkin düşən, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Rəşad Əliyevin axtarışları davam etdirilir. Bu barədə Trend-ə Rəşad Əliyevin həyat yoldaşı İlahə Əliyeva məlumat verib.
İ.Əliyeva bildirib ki, hazırda faktla bağlı Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsində axtarışlar davam etdirilir. R.Əliyevin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsindən Trend-ə bildirilib ki, E.Əliyev yanvarın 26-dan axtarışa verilib: "Hələlik axtarışlar heç bir nəticə verməyib. Yaxınları və tanışlarının ifadəsi alınıb. İfadələr əsasında paytaxtdakı bütün məscidlərdə axtarışlar aparılıb. Məscidlərdə axtarışların apaılmasına səbəb isə R.Əliyevin namaz qılan olması və tez-tez məscidlərə getməsi olub. Yaxınlarının ifadəsində göstərilib ki, Rəşad Əliyev tez-tez məscidlərə gedirmiş".
Xatırladaq ki, R.Əliyev Azərbaycanın tanınmış rejissoru, əməkdar incəsənət xadimi Fikrət Əliyevin oğludur. R.Əliyev İctimai Televiziya və Radio Yayımları Şirkətində quruluşçu rejissor işləyirdi.