...

Nazir Siyəzəndə: "Rayonda turizmin inkişafı üçün işlər görüləcək" (FOTO)

Cəmiyyət Materials 28 Yanvar 2016 16:32 (UTC +04:00)

Bakı. Trend:

Yanvarın 28-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Siyəzən şəhərindəki Mədəniyyət evində müşavirə keçirib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, müşavirədə rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar, mədəniyyət və turizm sahəsində çalışan insanlar iştirak ediblər.

Tədbirdə çıxış edən Ə.Qarayev ölkəmizin 25 illik müstəqillik tarixində keçdiyi inkişaf yolundan, bu yolda qarşıya çıxan çətinliklərdən danışıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi ilə Azərbaycanın strateji inkişaf xətti müəyyən edilib, respublikamız müstəqilliyin ilk illərinin ağır böhranından çıxıb, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzünün fəsadlarının aradan qaldırılması, müharibədən ən çox əziyyət çəkən qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində böyük işlər görülüb, iqtisadi islahatlar həyata keçirilib.

Ümummilli liderin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yeni inkişaf yoluna qədəm qoyub. Dinamik iqtisadi tərəqqi, bütün sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın dünyada nüfuzunun artmasına, o cümlədən tarixi-mədəni irsimizin, zəngin incəsənətimizin daha geniş miqyasda tanıdılması və təbliğinə də zəmin yaradıb. Bu gün ölkəmiz regionun lider dövlətinə çevrilib. Azərbaycan "Eurovision 2012" mahnı müsabiqəsi, I Avropa Oyunları, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və digər böyük beynəlxalq tədbirlərə, festival, müsabiqə və sərgilərə ev sahibliyi edir.

Nazir vurğulayıb ki, ölkəmizdə bütün xalqların sülh, qardaşlıq və mehriban şəraitdə yaşaması ilə bütün dünyaya tolerantlıq nümunəsidir. Son illər ölkəmizdə bu istiqamətdə mühüm layihələr, mötəbər tədbirlər gerçəkləşib. Bu baxımdan Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin Azərbaycanda "Multikulturalizm ili" elan edilməsi təsadüfü deyil.

Ə.Qarayev son dövrlər dünyada yaşanan qlobal iqtisadi böhranın, dünya bazarında neft qiymətinin kəskin şəkildə aşağı düşməsinin ölkəmizə də təsirindən danışıb. Qeyd edib ki, milli valyutanın devalvasiyaya uğraması nəticəsində yaşanan proseslər əhalidə müəyyən narahatlıq yaradır: "Amma biz inanırıq ki, bu müvəqqəti çətinliklərdən də layiqincə çıxacağıq. Prezident İlham Əliyev tərəfindən bütün əlaqədar qurumlara bu çətinliklərin aradan qaldırılması, süni qiymət artımına son qoyulması barədə tapşırıqlar verilib, iqtisadiyyatın qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi ilə bağlı mühüm addımlar atılır".

Nazir bu xüsusda turizm sahəsinin inkişafına daha böyük diqqət ayrıldığını diqqətə çatdırıb. Bildirib ki, ölkəmizin şimal bölgəsinin geniş turizm imkanları var. Siyəzən rayonunda da turizmin inkişaf etdirilməsi üçün işlər görüləcək.

Sonda nazir ictimaiyyət nümayəndələrini maraqlandıran sualları cavablandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti